Narkomaniya ilə mübarizəyə həsr olunmuş tədbirlər keçirilib
Fevralın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə Bakı İslam Universitetinin Zaqatala şöbəsində “Narkomanlığa qarşı mübarizədə dini icmaların və din xadimlərinin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, QMİ-nin Zaqatala rayon qazısı Malik Bilalov, rayonun dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlar zamanı vurğulanıb ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Qeyd edilib ki, Azərbaycanın dövlət siyasətində başlıca vəzifələrdən biri sağlam nəslin formalaşması və narkomaniya ilə mübarizədir.
Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
***
Narkomaniya ilə mübarizəyə həsr olunmuş növbəti tədbir Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsi, Nizami Rayon İcra Hakimiyyəti və Nizami Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Nizami rayonunda yerləşən 12 saylı tam orta məktəbdə “Narkomaniyanın mənəvi və fiziki zərərləri” mövzusunda keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Amal Məlikov, Nizami Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, Nizami rayon 25-ci Polis şöbəsinin rəisi Elmir Hüseynov, eləcə də məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı narkomaniya ilə bağlı keçirilən tədbirlər, görülən profilaktiki işlər barədə məlumat verilib. Narkomaniya və onun fəsadları, gətirdiyi faciələrdən söhbət açılıb, yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən tədbirlərdən danışılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.



