Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.01.2017

Nardaranda Prezidentin Sərəncamı uğurla icra olunur

Yanvarın 26-da  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Sabunçu rayonu Nardaran qəsəbəsi “Rəhimə xanım ziyarətgahı” məscidi dini icması tərəfindən “Dini radikalizm cəmiyyətdə təhlükə mənbəyi kimi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, şöbənin əməkdaşı Aslan Sultanov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov, hüquq-mühafizə orqanlarının əməkdaşları, “Rəhimə xanım ziyarətgahı” məscidi dini icmasının sədri və axundu Musa Qasımov, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri və axundu Musa Qasımov həyata keçirilən layihənin əhəmiyyətindən danışıb və  dindarlara göstərilən qayğıya görə dövlət rəhbərliyinə təşəkkürünü bildirib. Natiq bu cür tədbirlərin mütəmadi təşkil olunmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev cəmiyyətimizin bu təhlükədən qorunması üçün təhsilə xüsusi önəm verilməsinin vacibliyini qeyd edib. Bildirib ki, ölkə başçısı tərəfindən 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edilməsi ilə Azərbaycanın timsalında bütün dünyaya İslam ölkələrinin həmrəyliyi, tərəqqisi və inkişafı ilə bağlı nümunə təqdim edilməkdədir. C. Əliyev İslam dininin sülh, mərhəmət və qardaşlıq dini olduğunu, dini dəyərlərin xüsusilə gənclərə düzgün çatdırılmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov Sabunçu rayonu ərazisində maarifləndirmə istiqamətində həyata keçirilən tədbirlərdən və bu tədbirlərin dini duruma müsbət təsirlərindən söhbət açıb.
Sonda Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov öz çıxışında dini radikalizmin cəmiyyət üçün təhlükə mənbəyi olduğunu qeyd edərək təmsil etdiyi qurumun dini sahədə fəaliyyəti haqqında geniş məlumat verib.
Tədbirin yekununda məscid dindarları və ziyalılar mövzu ilə bağlı öz fikirlərini bildiriblər. 
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.