03.12.2015
Nahid Məmmədov: “Nardaran hadisələri dindən məkrli məqsədlərlə istifadə etmək cəhdinin acı nəticəsidir”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədovun Axar.az-a müsahibəsi:
- Azərbaycan dünyada milli və dini tolerantlıq baxımından necə tanınır?
- Ölkəmiz özünün tolerantlığı və multikultural dəyərlərə verdiyi əhəmiyyəti ilə dünyaya nümunə olan ölkədir. İstər praktiki, istərsə də hüquqi müstəvidə buna böyük önəm verilir. Təsadüfi deyil ki, tolerantlıq, multikulturalizm dövlət siyasəti hesab edilir. Ölkəmizdə bütün konfessiyaların qanun çərçivəsində fəaliyyət göstərməsinə, öz etiqadlarını sərbəst yaşamasına şərait yaradılıb. Bu gün dini mənsubiyyətindən asılı olaraq hər bir ölkə vətəndaşı öz ibadət yerlərində dini ayinlərini sərbəst icra edir. Eləcə də dini konfessiya rəhbərləri bütün milli və dini bayramlarda, əlamətdar günlərdə bir yerdə olduqlarını nümayiş etdirir. Azərbaycan xalqının bir dəyərinə çevrilmiş bu davranış qarşılıqlı sayğı və ehtirama söykənir. Prezident İlham Əliyev yürütdüyü siyasətdə bu meyar hər zaman əsas götürülür. Dini konfessiyalara dövlət qayğısı göstərilir, maliyyə yardımı edilir, onlar dövlətin ən ali mükafatları ilə təltif olunurlar. Ötən ay 16 noyabr Toleratlıq Günündə ölkəmizin dini konfessiya rəhbərlərinin “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə mükafatlandırılması bunun əyani sübutudur. Ümumiyyətlə, ölkəmizdəki tolerantlığın, multikultural dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi, dünyaya tanıdılması ilə bağlı mütəmadi addımlar atılır. Gündəlik yaşam normamız, həyat tərzimiz olan bu dəyərlərin birgəyaşayışımızın əsas amili olmasını xalqımız da gözəl anlayır və miras kimi onu gələcək nəsillər üçün qoruyur.
- Ölkəmiz islamofobiyaya, İslamın mahiyyətinin təhrif edilməsinə, onu terrorla eyniləşdirməyə qarşı hansı mübarizə tədbirləri görür?
- İnkarolunmaz faktdır ki, dünyada islamafobiya siyasəti yürüdülür. Bəzi qüvvələr bütün imkanlarından istifadə edərək İslamı qara rəngdə, asıb-kəsən inanc kimi qələmə verməyə çalışırlar. İslam adı altında baş verən hadisələrdən, eləcə də törədilən terror aktlarından da məharətlə istifadə edirlər. Təəssüf doğuran məqam ondan ibarətdir ki, İslam coğrafiyasının həqiqətən də ekstremizm “xəstəliyinə yoluxduğunu” görürük. Bəzi ekstremistlər öz əməlləri ilə İslamın adına ləkə gətirməklə yanaşı, bu ilahi dini təmsil edənlərə qarşı dünya miqyasında da mənfi münasibət formalaşdırırlar. Təbii ki, bir çoxlarına sərf edən bu maraqların dəf edilməsində xarici diplomatiyamızda uğurlu addımlar atılır. Dövlət rəsmiləri iştirak etdiyi bütün tədbirlərdə islamafobiyaya qarşı konkret mövqe sərgiləyir. Azərbaycan Respublikasının Prezidenti çıxışlarında, xüsusilə beynəlxalq tədbirlərdə birmənalı olaraq islamafobiyanın əleyhinə çıxış edir, bu ikili standarta etiraz edir. Ölkə daxilində də dövlətin dini etiqad azadlığı istiqamətində siyasətini həyata keçirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi olaraq daim bu məsələni diqqətdə saxlayırıq. Sağlam dini biliklərin verilməsi, İslamın həqiqi mahiyyətinin insanlara çatdırılması istiqamətində çoxsaylı tədbirlər keçirilir. Jurnal, qəzet və kitablar nəşr edilir. Xüsusilə dini radikalizm əleyhinə mütəmadi tədbirlərimiz olur. Bəzi cinayətkar ünsürlərin dindən öz ekstremist niyyətlərini həyata keçirmək üçün istifadə etməsinin yolverilməzliyi cəmiyyətə çatdırılır.
- Nardaran hadisələrinə ictimaiyyətin münasibəti necə olmalıdır?
- Nardaran hadisələri dindən məkrli məqsədlərlə istifadə etmək cəhdinin acı nəticəsidir. Biz dünyada baş verən dini radikalizmin adətən təkfirçi zehniyyətdən doğduğunu görürük. Yəni özlərindən olmayan hər kəsi kafirlikdə ittiham edib, öldürülməsini vacib sayanların dini ektremistlər kimi tanındığının şahidiyik. Son dövrlərdə “Müsəlman birliyi” adı ilə bir araya gələn bir qrupun yanaşması da bu zehniyyətdən irəli gəlirdi. Baxmayaraq ki, bu qrupun mənsub olduğu əqidə tamam başqa idi. Amma seçdikləri metod təkfirçilik idi. Yəni özlərindən olmayan hər kəsi kafir elan edir, dövlətin əleyhinə çıxır və dövlət məmurlarına qarşı hər cür hədyanlar səsləndirirdilər. Dəfələrlə sosial şəbəkələrdə təhdid xarakterli bəyanatlarla çıxış etmişdilər. Baş vermiş hadisə də onların həqiqətən də niyyətlərinə çatmaq üçün bütün vasitələrə, hətta qan tökməyə də hazır olduqlarını göstərdi. Açıq demək lazımdır ki, əməllərinə dini don geyindirərək vəzifə səlahiyyətlərini icra edən polislərimizə qarşı silah qaldırmaq dini ekstremizdən başqa bir şey deyil. Bunun nəticəsi idi ki, bütün situasiyanı düzgün qiymətləndirən inanclı şəxslər bu hadisəni pislədilər. Çünki buna bəraət qazandırmaq, dini ekstremizmə haqq qazandırmaqdır. Burada məzhəb amili də nəzərə alınmamalıdır. Təsadüfi deyilmir ki, terroçunun dini, məzhəbi və milliyyəti olmaz.
- İslam dəyərlərinin müdafiəsi üçün ölkə ictimaiyyətinin üzərinə hansı vəzifələr düşür?
- Hər şeydən öncə düşünürük ki, ölkə vətəndaşları dünyada ictimai-siyasi və dini zəmində baş verənlərin fonunda həddən artıq ayıq-sayıq olmalıdır. Yaşadığımız dövr bizdən hisslərimizlə deyil, ağlımızla hərəkət etməyi tələb edir. Son hadisələr sübut edir ki, din təkcə mənəviyyatımızı təmin edən ilahi dəyərlər toplusu deyil. Bəzi dairələr dini öz mənfur niyyətlərini həyata keçirmək üçün ideoloji vasitəyə də çevirə bilirlər. Sekulyar-dünyəvi cəmiyyətdə yaşadığımızı da unutmamalıyıq. Bizim üçün ən optimal yaşam tərzi məhz sekulyar dövlətçilikdir. Lakin biz dinimizə sonsuz ehtiramla bağlıyıq. Cənab Prezident dini dəyərlərə xüsusi önəm verir və bu istiqamətdə kifayət qədər iş görür. O baxımdan dini siyasətə alət edənlər dünyəvi dövlətçiliyimizi təhdid etməklə yanaşı, dinin özünə də zərbə vurur. Buna görə də hər bir vətəndaş dövlətçiliyimiz qorumalıdır. Məhz dövlətçiliyimiz dini etiqadımızı həyata keçirmək üçün qarantımızdır.