Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.10.2017

N saylı hərbi hissədə “Şəhadət” filmi nümayiş olunub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Qazax rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə "Dini radikalizmlə mübarizə yolları" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Dövlət Komitəsinin əməkdaşlarıı Tərxan Paşazadə və Ramil Baxşəliyev, hərbi hissənin zabit və gizir heyəti, eyni zamanda, əsgərlər iştirak ediblər.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov qeyri-ənənəvi dini cərəyanlar və dini radikalizm barədə ətraflı məlumat verərək bu cür halların yaranma səbəbləri və təbliğatının qarşısını almaq yollarından da geniş bəhs edib. O bildirib ki, radikalizmi doğuran başlıca səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq, dini bilgilərin zəif olmasıdır. Ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir. Əliheydər Zülfüqarov İslam dinində şəhidlik, Vətən anlayışı, dinimizin Vətən uğrunda mübarizəyə verdiyi dəyərlər barədə iştirakçılara geniş məruzə edib.
Daha sonra DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.
Tədbirin sonunda iştirakçıları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.