“N” saylı hərbi hissədə “Narkomaniyaya yox deyək” adlı tədbir keçirilib
Avqustun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi, Kürdəmir rayon İcra Hakimiyyəti, rayon Polis şöbəsi və “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” adlı tədbir keçirilib.
Pandemiya ilə əlqədar zəruri qaydalara əməl olunmaqla təşkil olunmuş tədbirdə təşkilatçı qurumların əməkdaşları, həmçinin “N” saylı hərbi hissənin rəhbərliyi və şəxsi heyəti iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Çıxışlar zamanı narkomaniyanın insan sağlamlığına, mənəviyyatına və psixologiyasına törətdiyi fəsadlar haqqında geniş bəhs edilib. Ölkə Prezidenti cənab İham Əliyev tərəfindən 22 iyul 2019-cu il tarixdə imzalanan sərəncam ilə təsdiq edilən narkomanlığa qarşı mübarizəyə dair “2019–2024-cü illər üçün Dövlət Proqramı” haqqında geniş məlumat verilərək bildirilib ki, bu gün bəşəriyyəti düşündürən ən ağrılı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniyadır. Həmçinin çıxışlar zamanı narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, eləcə də hər bir fərdin qarşılıqlı fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə ehtiyac olduğu vurğulanıb.
Tədbirin sonunda dikussiya təşkil olunub, ətraflı fikir mübadiləsi aparılıb.


