“Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusu müzakirə edilib
Avqustun 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı, Yeni Azərbaycan Partiyası (YAP) Yevlax Rayon Təşkilatı, Yevlax şəhər Gənclər və İdman İdarəsi, Yevlax şəhər Heydər Əliyev Mərkəzi və Yevlax şəhər Gənclər Evi sosial xidmət müəssisəsinin iştirakı ilə “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda videokonfrans keçirilib.
Tədbirdə adıçəkilən qurumların əməkdaşları və rayonun fəal gəncləri iştirak ediblər.
Videokonfransı giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Vaqifli qloballaşan dünyada baş verən etnik-dini münaqişlərin, dini radikalizm və ekstremizmin beynəlxalq sülh və təhlükəsizlik, həmçinin tolerantlıq üçün ciddi maneə olduğunu qeyd edib. Azərbaycanın bu sahədə uğurlu addım atdığını və nümunəviliyi ilə seçilən ölkələrdən olduğunu vurğulayan Fərid Vaqifli dövlət müstəqilliyimizin yenidən bərpasından sonra ölkəmizdə vicdan azadlığının önə çəkildiyini, multikultural və tolerantlıq ənənələrinin inkişaf etdiyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova Sovet imperiyasının süqutundan sonra vətəndaşlarımızın vicdan azadlığı hüququnun tənzimləndiyini, xalqın öz milli-mənəvi dəyərlərinə yenidən sahib çıxdığını vurğulayıb. Dövlətimizin din siyasətinin əsas məqsədinin ölkədə dini durumun müsbət və münaqişələrdən uzaq şəraitdə möhkəmləndirilməsi olduğunu qeyd edən A. Qasımova bu gün Azərbaycanın dini radiklaizm və ekstremizmə qarşı kəskin mübarizə apardığını, ölkəmizin dünyada tolerantlıq, dinlər və mədəniyyətlərarası dialoq prosesinin ən aktiv iştirakçılarından biri olduğunu diqqətə çatdırıb.
Çıxış edənlər DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov, YAP Yevlax Rayon Təşkilatı Gənclər Birliyinin sədri Maqsud Süleymanlı, Yevlax şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Rövşən Musayev xalqımızın tarixi köklərə söykənən milli-mənəvi dəyərlərindən, ölkəmizdə höküm sürən multikulturalizm və tolerantlıqdan danışaraq bu kimi tədbirlərin gənc nəsil üçün müsbət nəticələrini qeyd ediblər.
Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.



