Milli mətbuatımızın yaranmasının 140 illik yubileyi ilə əlaqədar iyulun 16-da Yeni Azərbaycan Partiyasında jurnalistlərlə görüş keçirilib.
Görüşdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı jurnalistləri qarşıdan gələn 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edərək Azərbaycan milli mətbuatının keçdiyi şərəfli yoldan danışıb. O, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” Sərəncama əsasən Bakıda və regionlarda keçirilən çoxsaylı tədbirlərdən bəhs edib. Mübariz Qurbanlı Həsən bəy Zərdabi ideyalarını və “Əkinçi” ənənələrini yaşadan Azərbaycan mətbuatının uzun və şərəfli yol keçdiyini bildirərək “Əkinçi” qəzetinin xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynadığını, ölkəmizdə siyasi düşüncənin intibahının məhz milli mətbuatın yaranması ilə bağlı olduğunu söyləyib.
Diqqətə çatdırılıb ki, Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsində jurnalistlərin yaxın dostu Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri olub. Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə mətbuatın inkişafı, onun problemlərinin həlli, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb.
YAP-ın mətbuatla əlaqələrə xüsusi diqqət yetirdiyi bildirilərək bu əlaqələrin ənənəvi formada davam etdiyi vurğulanıb.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov çıxış edərək bildirib ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonrakı dövrdə mətbuatda kifayət qədər peşəkar kadrlar yetişib. Qısa müddətdə çoxşaxəli, çoxistiqamətli mətbuat orqanları yarandı və cəmiyyətin inkişafında, söz azadlığının təmin olunmasında, insanlarda vətənpərvərlik ruhunun yüksəldilməsində mətbuat böyük rol oynadı.
Qeyd edilib ki, Azərbaycanda mətbuatın inkişafı, jurnalistlərə diqqət və qayğının göstərilməsi daim Ulu Öndər Heydər Əliyevin diqqət mərkəzində olub. Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev də mətbuatın inkişafına böyük önəm verir, ölkəmizdə bununla bağlı mühüm addımlar atılır. Mətbuat daim dövlətçiliyimizin, xalqımızın maraqlarını müdafiə edib və edir. Biz Azərbaycanda keçirilən birinci Avropa Oyunları zamanı bunun bir daha şahidi olduq. Bir neçə mətbu orqanı çıxmaq şərtilə Azərbaycan mətbuatı ümumxalq maraqlarını digər maraqlardan üstün tutaraq ölkəmiz əleyhinə aparılan qarayaxma kampaniyasına qarşı birmənalı şəkildə öz mövqeyini ortaya qoydu.
Siyavuş Novruzov xatırladıb ki, Azərbaycan mətbuatının yaranmasının 140 illiyi parlament seçkiləri ərəfəsinə təsadüf edir. O, əmin olduğunu bildirib ki, mətbuatımız hər zaman olduğu kimi, bu seçkilərin işıqlandırılmasında da üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcək.Sonra milli mətbuatın 140 illiyi münasibətilə jurnalistlərə mükafatlar təqdim edilib.