Moskvanın və bütün Rusiyanın Patriarxı: “Azərbaycandakı pravoslavlar müsəlmanlar kimi bütün imkanlardan istifadə edirlər”
“Zəngin və qədim tarixi olan, mürəkkəb sivilizasiya qovuşuğunda yerləşən Azərbaycan həm ətraf xalqların müdrikliyini, həm də əlbəttə ki, özünün sadə olmayan, amma şübhəsiz, xalqı gözəl mədəniyyət və mənəviyyatla zənginləşdirən tarixi təcrübəsini əxz edib. Mən Azərbaycana səfər edərkən həmişə dinlərarası münasibətlərin yüksək səviyyəsinə diqqət yetirirəm”. Bu fikirləri Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill Prezident İlham Əliyevlə görüşündə səsləndirib. O bildirib ki, Azərbaycandakı pravoslavlar da müsəlman əksəriyyəti kimi bütün imkanlardan istifadə edirlər.
Azərbaycanda pravoslav kilsəsinin vəziyyəti ilə əlaqədar dövlət başçısı İlham Əliyevə təşəkkür edən Kirill deyib ki, Azərbaycanda yaşayan pravoslavlar heç bir narahatlıq hiss etmirlər. “Onlar öz ölkələrinin həm vicdanlı vətəndaşlarıdır, eyni zamanda, pravoslavdırlar. Onları həm dini əqidələrinə, həm də ənənəyə görə tarixi vətəni – Rusiya ilə bağlayan çox şey var. Ölkələrimiz arasında münasibətlərin inkişafına Azərbaycan çox sanballı töhfələr verir. Sizin bu münasibətlərin inkişafına xoş məramınız, Sizin səmimiyyətiniz bizim xalqımız tərəfindən yüksək qiymətləndirilir”-deyə, dini lider əlavə edib.
Azərbayan və Rusiya xalqları arasında münasibətlərdə müsbət cəhətlərin çox olduğunu diqqətə çatdıran Kirill vurğulayıb ki, bu münasibətlər çox cəhətdən həm Rusiya, həm Azərbaycan üçün, həm də xalqlarımız üçün vacibdir. Onun sözlərinə görə, bu münasibətlərin potensialı hələ tükənməyib: “Rus Pravoslav Kilsəsi tərəfindən mənim şəxsimdə, Rus Pravoslav Kilsəsinin iyerarxiyasının, o cümlədən Azərbaycandakı ruhanilərin şəxsində Azərbaycan ilə Rusiya arasında münasibətlərin daha da inkişafına səmimi qəlbdən çalışan etibarlı tərəfdaşlarınız var. Sizinlə bu gözəl görüş imkanına görə təşəkkür edirəm və bir daha vurğulamaq istəyirəm ki, Azərbaycanda baş verən bütün dəyişiklikləri görəndə sevinirəm. Biz Sizinlə bir neçə il bundan əvvəl burada görüşmüşdük və deməliyəm ki, Bakıya hətta ötəri nəzər salanda burada çox böyük dəyişikliklər baş verdiyi görünür. Bakı əla infrastruktura malik olan gözəl, çox gözəl şəhərə çevrilir. Burada çoxlu gözəl binalar ucaldılıb. Paytaxtdakı böyük dəyişikliklər münasibətilə Sizi təbrik etmək istərdim, lakin burada yaşayan xeyirxah dostlarımdan da eşitmişəm ki, müsbət dəyişikliklər təkcə paytaxtı yox, bütün ölkəni əhatə edir. Buna görə də Sizə Ulu Tanrıdan kömək, ruhani və cismani qüvvə, Azərbaycan xalqına firavanlıq diləmək istərdim”.