Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.09.2017

Mingəçevirdə “Sülh Aylığı” çərçivəsində tədbir keçirilib

Sentyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Mingəçevir şəhəri “Heydər” məscidində “Sülh Aylığı” çərçivəsində tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elşən Əliyev,  Mingəçevir şəhər “Heydər” məscidinin imamı İlham Səmədov, eləcə də digər məscidlərin imamları, dini icma üzvləri və din xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov bildirib ki, ölkəmizdə sülh və əmin-amanlığın yaradılmasının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyub. Hazırda isə bu siyasət Prezident cənab İlham Əliyev uğurla davam etdirərək, həm ölkəmizdə sülh və sabitliyin qorunmasına, həm də dövlətimizin xarici ölkələrlə dostluq və qardaşlıq əlaqələri qurmasına layiqli xidmət edir.
Daha sonra çıxış edən Mingəçevir ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elşən Əliyev “Sülh aylığı zorakılığa qarşı” mövzusu ilə çıxış edərək keçirilən bu cür tədbirlərin dövlət qurumları, qeyri-hökumət təşkilatları və icmaların insan hüquqları sahəsində səmərəli əməkdaşlığının bariz nümunəsi olduğunu qeyd edib.
Tədbirdə çıxış edən Mingəçevir şəhəri “Heydər” məscidinin imamı İlham Səmədov, axund müavini Bəhruz Əhmədov İslam dininin sülh və vəhdət missiyasından bəhs ediblər.
Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.