Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.05.2016

Mingəçevirdə “Gənclik və milli-mənəvi dəyərlərimiz” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib

Mayın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Mingəçevir şəhəri, Mingəçevir kənd “Cümə” məscidi dini icmasının həyata keçirdiyi “Dindarların radikal təsirlərindən qorunması” layihəsi çərçivəsində “Gənclik və milli-mənəvi dəyərlərimiz” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Elvin Abbasov, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 1 saylı ərazi nümayəndəsi- Rizvan Mikayıllı, dini icmanın sədri Yusif Yusifov, din xadimləri, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mingəçevir kənd “Cümə” məscidi dini icmasının sədri Yusif Yusifov layihə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirləri barədə məlumat verərək, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
Daha sonra çıxış edən Mingəçevir şəhər Ağsaqqalar Şurasının üzvü Qəşəm İsmayılov mövzu ilə bağlı çıxış edərək gənclər üçün yaradılan şərait, onların uğurlarından, eyni zamanda gəncləri qeyri-ənənəvi dini cərəyanlar və dini ekstremistlərin təsirinə düşməkdən çəkindirmədə milli-mənəvi dəyərlərimizin rolundan bəhs edib.
Tədbirdə həmçinin Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 1 saylı ərazi nümayəndəsi- Rizvan Mikayıllı, Mingəçevir kənd “Cümə” məscidi dini icmasının üzvü Ənvər Abdullayev, Mingəçevir şəhər Ağsaqqallar Şurasının üzvləri Tofiq Qarayev və Tahir Məmmədov da çıxış edərək mövzu ilə bağlı öz fikirlərini iştirakçılarla bölüşüblər. Çıxış edən natiqlər Azərbaycan gənclərinin davranışları, əxlaqları ilə bütün dünya gənclərinə nümunə olduğunu, həmçinin gəncləri qorumaq üçün milli-mənəvi dəyərlərimizin düzgün təbliği ilə dini radikalizmə qarşı daim mübarizə aparılacağını tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Çıxışlardan sonra tədbir iştirakçılarının sualları cavablandırılmış, həmçinin icmaya ayrılmış maliyyə vəsaiti hesabına nəşr edilmiş müxtəlif dini təyinatlı ədəbiyyatlar, o cümlədən “Qurani-kərim”in Azərbaycan dilinə tərcüməsi iştirakçılara paylanılıb.