Mingəçevirdə dini icmaların hesabatları dinlənilib
Yanvarın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2018-ci il dini icmaların hesabatlarının dinlənilməsi ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Mingəçevir Şəhər İcra Hakimiyyəti başcısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, dini icma sədrləri, din xadimləri, dindarlar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev dövlət-din münasibətlərinin təməlinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və hal-hazırda yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayaraq, dini icmalara dövlət tərəfindən maddi dəstəyin göstərildiyini və keçirilən maarifləndirici tədbirlərin mahiyyətini qeyd edib. Natiq Əfəndiyev Azərbaycanın yenidən müstəqillik qazandıqdan sonra bütün sahələrdə olduğu kimi dövətin və ölkə rəhbərliyinin din sahəsinə göstərdiyi diqqət və qayğısından bəhs edib, ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinin yüksək inkişaf etdiyini vurğulayıb.
Daha sonra çıxış edən Mingəçevir Şəhər İcra hakimiyyəti başcısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev Azərbaycanda dini icmaların maddi texniki təminatının yaxşılaşdırılması, məscidlərin təmir, bərpa və inşasının dövlətin İslam dininə verdiyi böyük dəyərin bariz nümunəsi olduğunu qeyd edib. Bununla yanaşı Sahib Əliyev Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti haqqında danışaraq dünyada tolerant ölkə kimi tanınan Azərbaycanın öz milli və dini dəyərlərinə sadiq olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Mingəçevir şəhəri “Zəhra” məscidi dini icmasının sədri Samit Lətifov, “Cümə” məscidi dini icmasının sədri Yusif Yusifov dövlətin İslam dininə və din xadimlərinə verdiyi dəyərdən bəhs edərək, bu müstəvidə keçirilən maarifləndirici tədbirlərin vacibliyini vurğulayıblar.
Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.