12.05.2016
Mingəçevirdə “Dindarların radikal təsirlərdən qorunması” layihəsi uğurla icra olunur
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi ilə bağlı 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə davamlı olaraq tədbirlər keçirilir.
Mayın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Mingəçevir şəhəri, Mingəçevir kənd “Cümə” məscidi dini icmasının həyata keçirdiyi “Dindarların radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində Mingəçevir şəhərində “Milli-mənəvi dəyərlərimiz və müasirlik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Mingəçevir şəhərində yerləşən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Elvin Abbasov, Mingəçevir Şəhər İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elşən Əliyev, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin nümayəndəsi Daşqın İsmayılov, dini icmanın sədri Yusif Yusifov, din xadimləri, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Elvin Abbasov layihə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirləri barədə məlumat verərək tədbirlərin mahiyyəti və əhəmiyyətindən söhbət açıb.
Daha sonra çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Elşən Əliyev mövzu ilə bağlı çıxış edərək, gəncləri qeyri-ənənəvi dini cərəyanlar və dini ekstremistlərin təsirinə düşməkdən çəkindirmədə və müasir Azərbaycan Respublikasının indiki inkişaf səviyyəsinə çatmasında milli-mənəvi dəyərlərimizin rolundan bəhs edib.
Tədbirdə iştirak edən Mingəçevir kənd “Cümə” məscidi dini icmasının üzvləri-Allahverdi Əliyev, Sadəddin Cəfərov və ilahiyyatçı Mübariz Kərimov, dini ayin icraçısı Cuma Məmmədov, Mingəçevir şəhər 17 saylı orta məktəbin tarix müəllimi Ceyhun Atayev də mövzu ilə bağlı fikirlərini iştirakçılarla bölüşüblər. Çıxış edən natiqlər dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndiriblər, həmçinin, dini radikalizmin fəsadları və onunla mübarizə üsulları, milli- mənəvi dəyərlərimizin dini ekstremizi inkar etməklə müasir düşüncə tərzinə uyğunluğundan bəhs ediblər.
Çıxışlardan sonra tədbir iştirakçılarının sualları cavablandırılıb, həmçinin icmaya ayrılmış maliyyə vəsaiti hesabına nəşr edilmiş müxtəlif dini təyinatlı ədəbiyyatlar, o cümlədən “Qurani-kərim”in Azərbaycan dilinə tərcüməsi iştirakçılara paylanılıb.

.jpg)
