20.12.2016
Mingəçevir Tibb Kollecində dini ekstremizmə qarşı mübarizə məsələləri müzakirə olunub
Dekabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mingəçevir Tibb Kollecində “Azərbaycanda dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multikulturalizm ənənələrinin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Elşən Əliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Mingəçevir şəhər şöbəsinin rəis müavini Zaur Əhmədov və əməkdaşı Camal İsayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir Tibb Kollecinin direktoru Fikrət Zeynalov, eləcə də kollecin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mingəçevir Tibb Kollecinin direktoru Fikrət Zeynalov bu cür dini maarifləndirmə tədbirlərinin gənclərin radikalizmdən qorunması sahəsindəki əhəmiyyətli rolundan danışib.
Tədbirdə “Dini ekstremizmə qarşı mübarizədə dini qurumların rolu” mövzusunda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov Azərbaycanda radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərindən bəhs edib. O, məruzəsində dini radikalizmə qarşı mübarizədə dini icmaların rolunun artırılmasının, radikalizmin yayılmasının və gənclərin radikal fikirlərin təsiri altına düşməsinin qarşısının alınması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb, dini ekstremizmə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklər barədə iştirakçılara ətraflı məlumat verib.
Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Elşən Əliyev “Azərbaycanda dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multikultural ənənələrin rolu”, Dövlət Təhlükəsizliyi Xidmətinin Mingəçevir şəhər şöbəsinin əməkdaşı Camal İsayev “Terrorçuluq və dini ekstremizmə qarşı mübarizənin təşkili” , Mingəçevir Tibb Kollecinin müəllimi Kəmalə Hüseynova “Gənclərin tərbiyəsində multikulturalizmin rolu” mövzularında çıxış ediblər.
Çıxış edən natiqlər ölkəmizdə dinlərarası münasibətlərin yüksək səviyyədə olması, hər kəsin dini etiqad azadlığının təmin olunması, dövlətin bu sahədə yürütdüyü siyasət nəticəsində multikulturalizm və tolerantlığın xalqımızın həyat tərzinə çevrilməsi və bunun dini radikalizmə qarşı mübarizədə əhəmiyyətindən bəhs ediblər.
(94).jpg)
(69).jpg)
(91).jpg)