Bu gün Bakı Biznes mərkəzində II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən Milli Tolerantlıq Mərkəzinin beynəlxalq təqdimat mərasimi keçirilmişdir. Mərasimdə II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyəli qonaqları BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser, İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tveycri, bir sıra digər beynəlxalq təşkilatların rəhbərləri, dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ölkəmizdə akreditə olmuş səfirlər iştirak etmişlər.
Əvvəlcə, qonaqlara “Azərbaycan – Tolerantlıq məkanı” adlı qısametrajlı film təqdim edilmişdir.
Tədbirdə ilk olaraq çıxış edən DQİDK sədri Elşad İskəndərov qonaqları salamlamış Milli Tolerantlıq Mərkəzinin yaradılmasının əsas məqsədləri və perspektiv fəaliyyət istiqamətləri barədə təqdimat etmiş, həmçinin ölkəmizdəki mövcud tolerantlıq barədə məlumat vermişdir.
BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Nasir Əbdüləzizəl-Naser çıxışı zamanı qeyd etmişdir ki, bu təşəbbüs Azərbaycanda dinlərarası münasibətlərin daha da möhkəmlənməsində xüsusi rol oynayacaqdır.
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev artıq ikinci dəfədir ki, ölkəmizdə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ilk tədbir olan Milli Tolerantlıq Mərkəzinin təqdimatında iştirak edən Forum iştirakçılarını salamlamış və bu təqdimatın təsadüfi olmadığını və Milli Tolerantlıq Mərkəzinin dinlərarası və mədəniyyətlərarası tolerantlığa töhfə verəcəyini qeyd etmişdir.
Çıxış edən İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tveycri Azərbaycanda olmaqdan məmnunluğunu ifadə etmiş və bildirmişdir ki, məhz Azərbaycanda Milli Tolerantlıq Mərkəzinin yaradılması vaxında atılmış addımdır. Əbdüləziz Osman əl-Tveycri dəfələrlə ölkəmizdə olduğunu və buradakı mövcud tolrant mühit haqqında məlumatlı olduğunu ifadə etmiş, bildirmişdir ki, bu dünyaya nümunə ola biləcək bir modeldir.
Tədbirdə YUNESKO-nun baş direktoru İrina Bokovanın təbrik məktubu oxunmuşdur.
Daha sonra Milli Tolerantlıq Mərkəzinin ilk layihəsi olan “Azərbaycan – Tolerantlıq məkanı” təqdim olunmuşdur. Təqdimatı dünya şöhrətli fotoqraf Reza Deqatı etmişdir. Qeyd edək ki, layihə çərçivəsində Azərbaycanda mövcud dini və tarixi-dini mərkəzlər, abidələr Reza Deqati tərəfindən fotolara köçürülmüşdür.
Digər çıxış edənlər də yeni yaradılan Milli Tolerantlıq Mərkəzinin gələcəkdə mövcud ənənələrə böyük töfhə verəcəyini diqqətə çatdırmışlar.
Təqdimat mərasimində Milli Tolerantlıq Mərkəzi “Hörmət naminə birləş” adlı layihə çağırışının təqdimatı olmuşdur. Təqdimatda Azərbaycanda dövlət qeydiyyatından keçmiş müxtəlif dinlərə mənsub dini icmaların Milli Tolerantlıq Mərkəzinə birgə layihə təqdim etməklə maliyyələşdiriləcəyi vurğulanmış, qeyd edilmişdir ki, bu dinlərarası dialoqun daha da möhkəmləndirilməsinə xidmət edəcəkdir.
Sonda İSESKO və BMT-Azərbaycan ilə DQİDK arasında ikitərəfli əməkdaşlığa dair memarandum imzalanmışdır.
DQİDK-nın mətbuat xidməti