Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə BMT-nin Baş Assambleyası tərəfindən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 65 ilinin tamam olması münasibəti ilə “Azərbaycanda dövlət-din münasibətləri və insan hüquqları” mövzusunda keçirilən konfransda DQİDK, BMT Azərbaycan və İSESCO tərəfindən təsis edilmiş Milli Tolerantlıq Mərkəzi tərəfindən həyata keçiriləcək dini icmalar üçün "Hörmət naminə birləş" layihə müsabiqəsi elan edilib. Ümumdünya insan hüquqları bəyannaməsinin 18-ci maddəsində nəzərdə tutulmuş fundamental azadlıqlardan hesab edilən vicdan azadlığının və bu azadlığın ölkəmizdə təsbitinin təzahürü olaraq qeydiyyatdan keçmiş dini icmalar tərəfindən həyata keçiriləcək layihələrin hədəf qrupları olaraq ailələr, sağlamlıq imkanları məhdud yeniyetmələr, məhbuslar seçilmişdir. Təklif olunan layihələr hədəf qruplarına uyğun olarag üç istiqamətdə həyata keçirilməlidir:
1. Sağlamlıq imkanları məhdud olan yeniyetmələrin təhsil ehtiyaclarının qarşılanması və onların ali təhsilə hazırlanması
2. Məhbusların reabilitasiyası və onların cəmiyyətə inteqrasiyaya hazirlanması
3. Ailənin və ailə dəyərlərinin möhkəmləndirilməsi
Proqramda iştirak etmək üçün müxtəlif konfessiyalara mənsub olan ən azı üç dini icma birlikdə sosial layihə təklif etməlidirlər. Konkret sosial problemlərin həllinə yönəlmiş layihələr həyata eyni zamanda dini icmaların cəmiyyətə inteqrasiyasının təmin olunmasına, dindar vətəndaşların cəmiyyət həyatında konstruktiv iştirakının gücləndirilməsinə, və Azərbaycana xas olan dini dözümlülük və tolerantlıq prinsiplərinin gücləndirilməsi məqsədi də daşıyır. Dini icmaların bu cür birgə sosial layihələrinin dəstəklənməsi həm də, dövlət-din münasibətlərinin ikişafına xidmət edəcək.
DQİDK-nın mətbuat xidməti