Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.05.2018

Milli-mənəvi dəyərlərin təbliğində din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Mayın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lerik Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə Lerik şəhər “Cümə” məscidində “Milli-mənəvi dəyərlərin təbliğində din xadimlərinin rolu” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, QMİ-nin Lerik rayonu üzrə səlahiyyətli nümayəndəsi İlham Əliyev, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı A.Həsənov Ramazan ayının başlanması ilə əlaqədar dini icma sədrləri və din xadimlərini təbrik edərək, məscidlərdə azanların QMİ tərəfindən tərtib edilmiş təqvimə uyğun verilməlisinin zəruriliyini bildirib. O, xalqımızın zəngin milli-mənəvi və dini dəyərlərə sahib olduğunu, bu dəyərlərin qorunmasının vacibliyini qeyd edib.
Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı R.Əzizov çıxışında milli-mənəvi dəyərlərin təbliğində din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Bildirib ki, Ramazan ayı ilə əlaqədar tədbirlər mövcud qanunvericiliyə və QMİ-nin fətvasına uyğun keçirilməlidir.
QMİ-nin Lerik rayonu üzrə səlahiyyətli nümayəndəsi İ.Əliyev çıxışında dövlətin din xadimlərinə qayğısından danışıb, Ramazan ayı ilə bağlı dini icma sədrləri və din xadimlərinə tövsiyələrini verib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.