23.01.2018
Milli-mənəvi dəyərlərin qorunması hər bir Azərbaycan vətəndaşının müqəddəs vəzifəsidir
Yanvarın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) və Zaqatala Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə ”Milli-mənəvi dəyərlərin qorunması hər bir Azərbaycan vətəndaşının müqəddəs vəzifəsidir” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Rauf Seyidəhmədov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Zaqatala Rayon Təhsil şöbəsinin əməkdaşı Rəna Abdurahmanova, Zaqatala RİH başçısının Bəhmətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şamil Xasməmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Məktəb direktoru Çəmənnaz Hüseynova tədbiri açaraq Azərbaycan xalqının hər zaman öz tarixi köklərinə, milli-mənəvi dəyərlərinə sıx bağlı olduğunu və gənc nəsil tərəfindən bu dəyərlərin qorunub saxlanmasının vacibliyini vurğulayıb.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev qeyd edib ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması, onlara hörmətlə yanaşılması hər bir vətəndaşın müqəddəs borcudur. O, həmçinin dini fanatizm, radikalizm və ekstremizmin cəmiyyət üçün nə dərəcədə təhlükəli olması və onların acınacaqlı fəsadları barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Daha sonra mövzu ilə bağlı Zaqatala RİH başçısının Bəhmətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şamil Xasməmmədov və başqalarının çıxışları dinlənilib.