Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.09.2015

Milli-mənəvi dəyərlərimiz regionlarda təbliğ edilir

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakının Xəzər rayonu Qala kənd dini icması tərəfindən “Şəhidlik zirvəsi və Azərbaycan şəhidləri” layihəsi çərçivəsində sentyabrın 30-da “İslamda şəhidlik anlayışı” mövzusunda ilk maarifləndirici tədbir keçirilib.
Xəzər rayonu Qala kənd məscidində keçirilmiş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Novruz Nuriyev, Qala kənd məscidi dini icmasının sədri Süleyman Süleymanov, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər. Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı N.Nuriyev İslam dininin sülhpərvər və əmin-amanlıq dini olduğunu qeyd edib.
Daha sonra Qala kənd məscidi dini icmasının sədri Süleyman Süleymanov və ziyalılar mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
                                                             ***
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Gəncə şəhər Qazaxlar  məscidi dini icmasının həyata keçirdiyi “Müasir gəncliyin ənənəvi İslamda rolu” layihəsi çərçivəsində sentyabrın 29-da “Tolerantlıq gənclərin gözü ilə” mövzusunda ilk maarifləndirici tədbir keçirilib.
Gəncə şəhər Qazaxlar  məscidində təşkil edilmiş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif  Əliyev, dini icmanın sədri Rahil İsmayılov, DQİDK-nın Gəncə  bölgəsi üzrə şöbəsinin əməkdaşları Elçin Qurbanlı və Şahmar Verdiyev, Gəncə  şəhər “Qazaxlar” məscidinin dini ayin icraçısı  Əlövsət Ələkbərov  və dindarlar, dini icmanın üzvləri, Gəncə şəhəri  ilə yanaşı Kəlbəcər rayon ağsaqqalları, ziyalıları və gəncləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev Dövlət Komitəsinin ümumilikdə respublikada, eyni zamanda Gəncə bölgəsində dini maarifləndirmə sahəsində gördüyü işlərdən danışıb. Asif Əliyev bildirib ki, layihə çərçivəsində  sağlam dini biliklərə söykənən silsilə maarifləndirmə tədbirləri həyata keçiriləcək. Tədbirdə çıxış edən  Gəncə şəhər Qazaxlar məscidi dini icmasının sədri Rahil İsmayılov  layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin əhəmiyyətindən söhbət açaraq, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
Tədbirdə çıxış edən Gəncə şəhər Qazaxlar məscidinin dini ayin icraçısı Əlövsət Ələkbərov və Kəlbəcər rayon axundu Xalid Ağayev dini maarifləndirmə sahəsində görülən  işlərin vacibliyindən danışaraq bu mövzunun vacibliyini xüsusi qeyd ediblər.
Tədbirdə ekspert qismində iştirak edən Firdovsi Kərimov  “Tolerantlıq gənclərin gözü ilə” mövzusunda geniş məruzə ilə çıxış edərək tədbir iştirakçılarını məlumatlandırıb. Firdovsi Kərimov  bildirib ki, Azərbaycanda tarixən dindarlar əqidəsindən asılı olmayaraq sülhün tərənnümçüsü olub, daim tolerantlıq ənənələrini yaşadıb və müasir dövrdə də milli-mənəvi dəyərlərimizin tərkibi kimi bu ənənələri davam etdirirlər.

 

Tədbirdə işğal altında olan torpaqlarımızın azad edilməsi üçün dualar oxunub, şəhidlərimizin xatirəsi hörmətlə yad edilib.