16.01.2017
“Milli kimliyimizin formalaşmasında dini dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Yanvarın 16-da Abşeron rayonu Saray qəsəbəsi “Cümə” məscidi dini icması tərəfindən “Milli-mənəvi dəyərlərimiz və radikalizmə qarşı mübarizə” layihəsi çərçivəsində “Milli kimliyimizin formalaşmasında dini dəyərlərin rolu” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Orxan Axundov, İsmayıl Cəfərov, “Cümə” məscidi dini icmasının sədri və axundu Qalib Tahirov, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Qalib Tahirov mövzu ilə bağlı ümumi məlumat verərək layihə çərçivəsində dördüncü tədbiri təşkil etdiklərini diqqətə çatdırıb. Tədbirin çox mühüm mövzuya həsr olunduğunu deyən Q.Tahirov qeyd edib ki, həmrəyliyin təmin olunmasında din amili hər zaman önəmli rol oynayıb.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmayıl Cəfərov milli kimlik anlayışı haqqında geniş məlumat verib. Bildirib ki, milli kimliyi formalaşdıran əsas ünsürlərdən biri mənəvi dəyərlərdir. Hər bir xalqın mənəvi dəyərlərinin təşəkkülündə din mühüm rol oynayıb. Bu baxımdan islami dəyərlər milli kimliyimizin ayrılmaz hissəsinə çevrilib.
Sonda tədbir iştirakçıları mövzu ilə bağlı öz fikirlərini bildiriblər.