“Milli dövlətçiliyin möhkəmlənməsində milli-mənəvi dəyərlərin rolu” mövzusunda onlayn tədbir keçirilib
Martın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Milli dövlətçiliyin möhkəmlənməsində milli-mənəvi dəyərlərin rolu” mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov, Bəhrəm Ədalətoğlu, Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov, Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov Azərbaycan dövlətinin, onun rəhbəri cənab İlham Əliyevin milli dövlətçiliyimizin möhkəmləndirilməsi sahəsində həyata keçirdiyi siyasət, atılan addımlar və qarşıya qoyulan prioritet məsələlərdən bəhs edib. O qeyd edib ki, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.
Daha sonra çıxış edən natiqlər qeyd ediblər ki, Azərbaycan xalqı müxtəlif dini və etnik qruplardan təşkil olunsa da, onları birləşdirən müqəddəs dəyərlər var. Bu dəyərlərin içərisində ən ümdəsi ortaq Vətən və əsrlər boyu formalaşmış, qarşılıqlı hörmət və etimada əsaslanan mənəvi dəyərlərdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.



