"Mənəvi dəyərlərimiz: sülh və humanizmə baxış” mövzusunda videokonfrans keçirilib
Avqustun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə "Sülh aylığı” çərçivəsində Ağdaş rayonunda “Mənəvi dəyərlərimiz: sülh və humanizmə baxış” mövzusunda videokonfrans keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsi, Ağdaş rayon Gənclər və İdman idarəsi, Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları, Ağdaş Dövlət Humanitar Kollecinin müəllim və tələbə kollektivi, dini icma sədrləri, təhsil, mədəniyyət işçiləri, habelə rayonun fəal gəncləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın əməkdaşı Asif Ədilov keçirilən videokonfransın əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, azərbaycanlılar dünya əhalisi arasında öz milli dəyərləri ilə seçilən, dərin humanist ənənələrə sahib bir millət kimi tanınır. İnsanlar arasında dərin əlaqələrin qurulması, ayrı-seçkiliklə mübarizə, insan hüquqlarının və qayğıya ehtiyacı olan şəxslərin müdafiə olunması millət olaraq tarixən formalaşmış xüsusiyyətlərimizdəndir.
Ağdaş Dövlət Humanitar Kollecinin Tələbə Gənclər Təşkilatının sədri Dilarə Manafova bildirib ki, sülh hər bir millətin, eləcə də cəmiyyətin, bütövlükdə isə bütün bəşəriyyətin arzuladığı böyük bir dəyərdir. Müasir dövrümüzdə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət nəticəsində Azərbaycan dünyada multikultural və tolerant bir ölkə olaraq tanınır.
Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri Seyfəddin Feyzullayev qeyd edib ki, tarix boyu bütün bəşəriyyəti düşündürən ən əsas məsələlərdən biri də sülhün qorunması, insanların əmin-amanlıqla yaşaması, amansız müharibələrin və zorakılığın qarşısının alınmasıdır.
Çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Ağdaş şəhər Maqsud Şeyxzadə adına İnternat Tipli Texniki Humanitar Təbiət fənləri təmayüllü məktəbin müdir müavini Nəzrin Hacıyeva Azərbaycanın sülh və humanizmlə bağlı dünyaya nümunə olacaq ölkələr sırasında olmasından danışıblar.
Daha sonra konfrans iştirakçılarının fikirləri dinlənilib və konfrans qarşılıqlı müzakirələrlə davam etdirilib.




