Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
05.05.2016

Mənəvi birliyin və vətəndaş həmrəyliyinin banisi

 Yüzilliklər boyu mədəniyyətlərin və dinlərin münasibətləri aktuallığını itirməmiş, xalqların fəlsəfi görüşlərini, dünyabaxışlarını, hiss və ehtiraslarını təyin edən ictimai hadisə kimi dövrümüzə qədər gəlib çatmışdır. Dövlətlər və millətlər arasında əlaqə və münasibətləri müəyyənləşdirən başlıca amillərin təbiətində köklü dəyişikliklər baş verməsinə baxmayaraq, dinlər və mədəniyyətlərarası dialoq ictimai müzakirələrin və siyasi proseslərin ümumi istiqamətinə təsir göstərmək imkanlarını saxlamaqdadır. 
Ölkələr arasında kommunikasiya və inteqrasiya imkanlarının genişlənməsi, müxtəlif dini etiqad və mədəniyyət daşıyıcılarının təmaslarının artması, nisbətən məhdud məkan hüdudlarında yaşaması dinlər və mədəniyyətlərarası dialoqu nəzərdə tutmaqla yanaşı, ayrı-ayrı mədəniyyətlərin qorunub saxlanılması və inkişaf etdirilməsindən ibarət olan xüsusi siyasətin həyata keçirilməsini qaçılmaz edir. Dövrümüzün ümumi sivilizasiya mənzərəsinə öz möhürünü vuracağına böyük ümidlər bəslənilən bu fenomen bəşəriyyətə “multikulturalizm” adı ilə təqdim edilir. Son illər ərzində dünyada regional münaqişələrin artması, bir çox Avropa ölkələrində ifrat milliyyətçilik hərəkatlarının güclənməsi multikulturalizmin gələcəyinə baxışlarda optimizmin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarmışdır. Dini tolerantlıq və sivilizasiyalararası münasibətlərdə Azərbaycanın nümunəsinin və ölkə rəhbərliyinin qəti siyasi mövqeyinin multikulturalizmin taleyi ilə bağlı məyusluğun aradan qalxmasına ciddi təkan verəcəyi şübhə doğurmur. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi böyük əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin daxili siyasi xəttində multikulturalizmə xüsusi həssaslıq nümayiş etdirilməsinin Azərbaycan dövlətinin tolerant dəyərlərə dərin sədaqətindən irəli gəldiyini söyləsək, yəqin ki, həqiqəti ifadə etmiş olarıq. Bu siyasətin Heydər Əliyev tərəfindən əsası qoyulan bünövrəsi ölkədəki bütün dinlərə və mədəniyyətlərə hörmətlə yanaşılması, onların bərabər inkişafı üçün hər cür imkanların yaradılması kimi dəyərlərə istinad edir. Azərbaycançılıq ideologiyası ayrı-ayrı dinlərin və sivilizasiyaların nümayəndələrinin vahid cəmiyyətdə və dövlətdə bərabər hüquqlar şəraitində yaşamasını, dini etiqad azadlığını təmin edən dünyagörüşü kimi qəbul edilir.
Azərbaycanda multikulturalizmin bərqərar olub inkişaf etdirilməsinə obyektiv səbəblərin mövcudluğu mühüm rol oynamış və oynamaqdadır. Müxtəlif dinlərin və sivilizasiyaların vahid məkanda yaşaması cəmiyyətimizin aparıcı dəyərləri sırasında daim əhəmiyyətli yer tutmuşdur. Burada ayrı-ayrı dinlərin, dillərin və mədəniyyətlərin yaşamasına hər hansı məhdudiyyətlər qoyulmamış, əksinə, bütün imkanlar təmin edilmişdir.
Azərbaycanın malik olduğu unikal coğrafi-mədəni mühiti haqqında bəhs olunan multikultural dəyərlər sisteminin formalaşmasına əlavə təkan vermiş, Qərblə Şərqin, Asiya ilə Avropanın, islam mədəniyyəti ilə digər dinlərin qovuşduğu coğrafiya missiyasını əsrlər boyu ləyaqətlə daşımışdır. Bunun sayəsində tolerantlıq, dini dözümlülük azərbaycanlıların dünyagörüşünün ayrılmaz tərkib hissəsinə çevrilmiş, cəmiyyətin zəngin mənəvi koloritini formalaşdırmışdır.
Azərbaycanda dünyəvi dinlərin yayılmasının qədim tarixi bunun əyani sübutu sayıla bilər. Ölkəmizin müxtəlif bölgələrində yayılmış iudaizm dininə sitayiş edənlərin çoxsaylı köçü, tarixçilərin yekdil rəyinə görə, 1500 il bundan əvvələ təsadüf edir. 15 əsrdən çoxdur ki, yerli əhali ilə sıx əlaqədə olan dağ yəhudiləri nəinki öz dinlərini, hətta adət-ənənələrini qoruyub saxlamış və inkişaf etdirmişdir. Təxminən eyni fikirlər xristianlıq haqqında da deyilə bilər. Bu dinə də Azərbaycanda təriqət edilməsi qədim tarixə sahibdir. Azərbaycanın ərazisində yaranmış Qafqaz Albaniyasında insanların əhəmiyyətli bir qismi xristanlığa sitayiş edirdi və bu, təbii ki, əsrlər boyu xristianlıqla islamın dinc yaşamasına dair kifayət qədər faktlar vermişdir. Pravoslavlıq isə Azərbaycana ölkəmiz Rus imperiyasına zorla birləşdirildikdən sonra böyük malakan köçü vasitəsi ilə gəlmişdir.
Göründüyü kimi, Azərbaycan dini tolerantlığın və dözümlülüyün qədim məskəni olmuşdur. XIX əsrin sonları - XX əsrin əvvəllərində Azərbaycanın əhalisinin dini və etnik tərkibi daha intensiv surətdə dəyişməyə başlamışdır. XIX əsrin sonlarından etibarən Bakının sürətlə böyüməsi, dövrün iri sənaye şəhəri statusunu qazanması həm azərbaycanlı müsəlman əhalinin ətraflardan buraya axışması sayəsində, həm də digər ölkələrdən, o cümlədən Qafqaz ölkələrindən, Rusiyanın Volqaboyu bölgələrindən köç edən fərqli mədəniyyətin və dinin nümayəndələrinin hesabına baş vermişdir. Sənaye bumu dövründə Azərbaycanın paytaxt sakinlərinin milli-etnik tərkibinə nəzər salınması qeyd edilən fikrin sübuta yetirilməsinə kifayət edir. XX əsrin əvvəllərində Bakının 215 minlik sakinlərinin 76,3 minini ruslar, ukraynalılar və belaruslar (35,5%), 46 minini azərbaycanlılar (21,4%), 25 minini farslar (11,7%), 9,7 minini yəhudilər (4,5%), 4 minini gürcülər (1,9%) və s. təşkil edirdi. 
Sonrakı illərdə Bakı sakinlərinin etnik tərkibində azərbaycanlıların sayının sürətlə artmasına baxmayaraq, əsas etibarı ilə ətraf regionlardan miqrasiya sayəsində, əski sovet təbiri ilə desək, paytaxtın beynəlmiləl mahiyyəti qorunub saxlanmaqda idi. İddia etmək üçün bütün əsaslar mövcuddur ki, keçmiş SSRİ zamanında Bakı qədər beynəlmiləlçi, əslində isə tolerant şəhər mövcud deyildi. Söhbət təkcə Bakının sakinlərinin milli-etnik tərkibindən yox, həm də mənəvi mühitində tolerantlıq, ümumbəşərilik ünsürlərinin üstünlük təşkil etməsindən gedirdi. İndi Azərbaycanda multikulturalizmin inkişaf etdirilməsi üçün geniş imkanlardan bəhs edərkən rəsmi siyasətlə yanaşı, haqqında bəhs etdiyimiz dövrün qoyduğu və azərbaycanlıların milli xüsusiyyətlərinin bir parçasına çevrilmiş ənənələr də unudulmamalıdır.
Tolerantlıq, dini dözümlülük Azərbaycan xalqına xas olan dünyagörüşünün tərkib hissəsi olmaqla yanaşı, həm də onun həyat tərzinin vacib amili kimi çıxış edir. Azərbaycan mədəniyyətində müxtəlif dövrlərdə tolerantlıq mövzusuna müraciətlər edilməsi onun sosial hadisə kimi dərin kök atmasını sübuta yetirir. Bununla yanaşı, ideoloji sahədə tolerantlığın təbliğinə daxili ehtiyacın duyulması da özünü göstərməkdədir. Xüsusi vurğulanmağa layiqdir ki, çox müxtəlif dövrlərin Azərbaycan ədəbiyyatı və mədəniyyəti xalqlar dostluğu, beynəlmiləlçilik və s. adlarla mahiyyət etibarı ilə multikulturalizmi təbliğ etmiş, multikultural təfəkkürün və ənənələrin formalaşmasına, dərin kök atmasına və bu günümüzə gəlib çatmasına böyük töhfələr vermişdir. Bu isə o deməkdir ki, ifadə formasından asılı olmayaraq multikulturalizm Azərbaycanda qədim tarixə, zəngin ənənələrə malikdir. Ölkəmizin multikulturalizmə sadiq olması, onun daha da genişlənməsinə böyük səylər qoyması heç də XX əsrin 70-ci illərinə xas olan siyasi-ideoloji dəbə uyğunlaşmaq cəhdi deyil, əksinə, xalqımıza və ölkəmizə tarixən xas olan dünyagörüşünə və dəyərlər sisteminə bağlılığın ifadəsidir.
Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi bundan daha çətin və məsuliyyətli digər vəzifənin - milli dövlətçiliyin bərpa edilməsinin gündəliyə çıxmasını şərtləndirmişdi. SSRİ-nin süqutuna gətirib çıxarmış və ya onun süqutunun nəticəsi kimi təzahür edən çoxsaylı iqtisadi, siyasi, ideoloji, milli-dini-etnik problemlər həyatın obyektiv zərurətə çevirdiyi milli dövlətçiliyin bərqərar olması vəzifəsinin həyata keçirilməsini kifayət qədər çətinləşdirmişdi. Yaranması yeni iqtisadi, siyasi və ideoloji məqamlara təsadüf edən həmin tarixi missiyanın gerçəkləşdirilməsi bir sıra ən vacib və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edirdi. Təəssüf ki, Azərbaycanın dövlət müstəqilliyinə qovuşduqdan sonra yaranan siyasi hakimiyyətlər qısa vaxtda bir neçə dəfə dəyişilməyə məruz qalsa da, tarixin xalqın qarşısında irəli sürdüyü missiyanın həyata keçirilməsi mümkün olmurdu. Səbəblər qismində dəfələrlə haqqında söhbət açılan amilləri - siyasi, iqtisadi, mənəvi böhranı, Ermənistanın Azərbaycana təcavüzü və onun ağır nəticələrini, idarəçilikdə ağlasığmaz səriştəsizliyi, xaos və anarxiyanı bir daha xatırlatmaqdan yan keçmək mümkünsüzdür. Milli dövlətçiliyin yarana bilməməsi üçün kifayət edən bu sosial-iqtisadi və siyasi səbəblərlə yanaşı, diqqətin daha bir vacib məqama cəlb edilməsinin faydalı olduğunu vurğulamaq yerinə düşərdi. Milli dövlətçiliyin yaranması yuxarıda sadalanan səbəblərlə yanaşı, onun təməl prinsiplərinin işlənib hazırlanmasını da nəzərdə tutur. Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra ilk illərdə milli dövlətçiliyin yarana bilməməsi həm də lazımi təməl prinsiplərinin olmaması ilə izah edilməlidir. Gənc, müstəqil Azərbaycan dövlətinin təməl prinsiplərinin müəyyən edilməsi də, həmin prinsiplər əsasında yeni dövlətin qurulması da tarixi missiya kimi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna xidməti kimi tariximizə yazılmış oldu.
Azərbaycanın dövlət müstəqilliyinin elan olunması cəmiyyətdə bir sıra qorxulu meyillərin tüğyan etdiyi dövrə təsadüf edirdi. Belə təhlükəli meyillərdən biri “suverenlik paradı” adını almış yanlış müstəqillik dünyagörüşünə əsaslanan separatçılıq hərəkatı idi. Hər hansı obyektiv əsas və səbəb olmasa da, separatçılıq Azərbaycandan yan keçməmişdi. Hakimiyyətdə təmsil olunanların dardüşüncəliliyi və siyasi prosesləri düzgün qiymətləndirə bilməmələri həmin meyillərin genişlənməsinə və təhlükəli parametrlər kəsb etməsinə bir növ zəmin hazırlayırdı. Cəmiyyətə birlik və monolitlik naminə ümumi birləşdirici ideya təqdim edilməmişdi ki, bundan da separatçılar ustalıqla qidalanırdılar. 
Heydər Əliyevin tarixi qayıdışı müstəqil Azərbaycan dövlətçiliyinin yaradılması sahəsində möhtəşəm siyasətin həyata keçirilməsinin başlanğıcı oldu. Onun rəhbərliyi altında həyata keçirilən çoxşaxəli layihələr sırasında cəmiyyətin tolerantlıq kimi təməl prinsipinin formalaşdırılması ayrıca qeyd olunmağa layiqdir. Heydər Əliyevin dövlət quruculuğu strategiyasında tolerantlıq cəmiyyətin birliyi və monolitliyinin təmin edilməsinin fundamental əsası olmaqla yanaşı, eyni zamanda, onun müasir dəyərlər sistemini mənimsəməsinin, müasir imicinin bərqərar olmasının mühüm parametri qismində çıxış edir. Heydər Əliyev ona xas olan müdriklik və uzaqgörənliklə başa düşürdü ki, Azərbaycan kimi tarixən çoxmillətli və çoxkonfessiyalı milli-mənəvi struktura malik olan ölkənin həyat qabiliyyəti onun milli və dini dözümlülük xarakterindən bilavasitə asılıdır. Vaxtilə cəmiyyətə “xalqlar dostluğu”, “beynəlmiləlçilik” adları ilə təqdim olunan dini-etnik-mənəvi hadisə yenicə qurulan müstəqil dövlətin təməl prinsiplərindən biri kimi, lakin mahiyyətcə fərqli ideya formasında təqdim edilirdi. 
“Xalqlar dostluğu” və “tolerantlıq” anlayışları arasında, heç şübhəsiz, oxşar cəhətlər mövcuddur. Lakin onların eyniləşdirilməsi düzgün olmazdı. Hər şeydən əvvəl, “xalqlar dostluğu” anlayışı məlum ideoloji postulatın törəməsidir ki, ayrı-ayrı etnik qrupların həqiqi bərabərliyi və qarşılıqlı fəaliyyətindən deyil, sırf siyasi birlik forması yaradılmasına xidmət göstərən məqsəddən xəbər verir. Tolerantlıq isə hər hansı siyasi qılafdan məhrumdur və yeganə məqsədi cəmiyyətdə böyük ehtiyac duyulan ahəngdarlığın əldə olunmasından, hər bir fərdin ləyaqətlə cəmiyyətə inteqrasiyasına yardım göstərməkdən ibarətdir. Tolerantlıq şəraitində istənilən dini və ya etnik birliyin nümayəndəsi öz kimliyi zəminində inkişaf etmək, cəmiyyətə daşıdığı milli və dini dəyərləri sistemi ilə birlikdə töhfə vermək, özünəməxsusluğunu qoruyub saxlamaq imkanlarına sahibdir. Bu imkanlar hər şeydən əvvəl, Prezident Heydər Əliyevin rəhbərliyi altında hazırlanan Azərbaycan Respublikasının Konstitusiyasında tanınmışdır. Əsas Qanunun 25-ci maddəsində qeyd olunur: “Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən... asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini... mənsubiyyətinə görə məhdudlaşdırmaq qadağandır”. 
Qeyd etmək önəmlidir ki, multikulturalizm anlayışı yalnız Azərbaycan vətəndaşlarının konstitusion hüquqlarının bərabərliyi ilə kifayətlənmir. Cəmiyyətdə qərarlaşmış dəyərlər sistemi, müxtəlif mədəniyyətlərin mövcudluğu və inkişafı üçün rəsmi siyasət səviyyəsi ilə yanaşı, insanlararası münasibətlər müstəvisində əlverişli mühitin təmin edilməsi də öz növbəsində, multikulturalizmin fundamental şərtləri sırasında yer tutmaqdadır. 
Heydər Əliyevin multikulturalizm sahəsində baxışları ən ümumi şəkildə onun müstəqil Azərbaycan dövlətinin quruculuğu konsepsiyasının təməl prinsiplərindən hesab olunan azərbaycançılıq ideologiyası kontekstində nəzərdən keçirilə bilər. Azərbaycançılıq cəmiyyətin mədəni, dini, etnik rəngarəngliyi zəminində vahid milli-siyasi toplumun formalaşmasını nəzərdə tutur. Bu ideologiya müxtəlif mədəniyyətlərin birgə yaşamasını nəinki mümkün sayır, habelə onu müasir cəmiyyətin ayrılmaz mənəvi xüsusiyyəti hesab edir. Azərbaycançılıq müstəqil dövlət maraqları naminə və çərçivəsində fərqli sivilizasiyaların, dinlərin və etnik birliklərin öz xüsusiyyətlərini saxlamaqla vahid tam kimi çıxış etməsi anlamında qavranılır. Bu halda, müxtəliflik cəmiyyətin kamilliyini, dövlətin isə gücünü və qüdrətini ifadə edir. Azərbaycanın müstəqil dövlət quruculuğunda tolerantlıq, sivilizasiyalararası dialoq amilinin mühüm rol oynadığını söyləmək üçün kifayət qədər əsaslar mövcuddur. Yuxarıda bəhs edilən müstəqiliyin ilk dövrlərinə təsadüf edən böhran və təlatümlərin qısa vaxtda aradan qaldırılmasında millətlərarası münasibətlərdə düzgün xəttin seçilməsi və uğurla həyata keçirilməsi, heç şübhəsiz, mühüm rol oynamışdır. Xüsusilə separatçılıq kimi dağıdıcı meylin dəf olunmasında azərbaycançılıq ideologiyasının elan edilməsi məxsusi əhəmiyyət kəsb etmiş, cəmiyyətin bütün enerjisi və potensialını ölkənin iqtisadi, siyasi, mənəvi və hərbi böhrandan çıxarılması istiqamətində yönəltməyi mümkün etmişdir. 
Hazırda multikulturalizm adını almış sosial hadisə Azərbaycanın təkcə tarixi ənənəsi və milli-mənəvi xüsusiyyəti deyil, həm də ölkəmizdə milli dövlət quruculuğunun və müasir cəmiyyətin formalaşmasının fundamental təməl prinsiplərindən biridir. Bu mənada, ümummilli lider Heydər Əliyevin yaratdığı müasir Azərbaycanı, habelə onun inkişafını və təkmilləşməsini multikulturalizm kimi mədəni və mənəvi dəyərdən ayrılıqda təsəvvür etmək qeyri-mümkündür. 
Azərbaycan dövlət müstəqilliyinin bərpa edilməsinin 25-ci ildönümünə müasir, iqtisadi cəhətdən inkişaf etmiş, sosial baxımdan kamil, beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutan, sürətlə yeniləşən dövlət kimi daxil olmuşdur. Müstəqil dövlət quruculuğu prosesinə qədər ağır, keşməkeşli, iqtisadi, sosial və mənəvi böhranlarla, Ermənistanın hərbi təcavüzü və s. xoşagəlməz hadisələrlə müşayiət olunsa da, əldə olunan nailiyyətlər öz möhtəşəmliyi ilə diqqəti cəlb edir. XXI əsrin ilk onilliyində Azərbaycanın bütün dünyanın ən dinamik iqtisadiyyatı olması faktı deyilənə ən tutarlı misal ola bilər. Təxminən 10 il ərzində ölkənin iqtisadiyyatının 3 dəfədən çox artması, ümumiyyətlə, müasir dövrdə nadir rast gəlinən yüksəliş nümunəsi kimi qeyd olunmaqdadır. Diqqəti çəkən xüsusi məqam ondan ibarətdir ki, Azərbaycanın yüksəlişi timsalında söhbət heç də adi iqtisadi artım hadisəsindən deyil, düşünülmüş iqtisadi konsepsiya əsasında yaradılmış yeni modelin ortaya qoyduğu sıçrayış hadisəsindən gedir. 
Ayrıca qeyd etmək yerinə düşər ki, Azərbaycan modeli ilk növbədə və başlıca olaraq iqtisadiyyatın dinamizmini ciddi şəkildə artırsa da, onun bütün məzmunu heç də yalnız bununla yekunlaşmır. Burada eyni zamanda, ölkənin müasirləşməsi, simasının yeniləşməsi, cəmiyyətin bütün sahələrinin kamilləşməsi kimi çoxfunksiyalılıq və çoxşaxəlilik özünü göstərməkdədir. Möhtəşəm infrastruktur layihələri, regional inkişafın tarazlaşmasını nəzərdə tutan siyasətin həyata keçirilməsi, modernləşmə strategiyasının geniş vüsət alması və s. kimi hadisələr sözügedən modelin tam mənzərəsi haqqında bitkin təsəvvür yarada bilər. Məhz bunun sayəsində XXI əsrin ilk onilliyində Azərbaycan bütün dünyada nəinki ən yüksək dinamikaya malik iqtisadiyyat, eyni zamanda, ecazkar templərlə yeniləşən, müasirləşən və bu parametrləri ilə ən müasir dövlətlərlə rəqabət apara bilən ölkə imicini qazanmışdır.
Azərbaycan modelinin strukturunda onu tamamlayan tərkib ünsürlərindən birinin mədəni-mənəvi amil olduğunu xüsusi vurğulamağa ehtiyac var. Sonuncunun ayrılmaz hissəsi kimi multikulturalizmi qeyd etməmək mümkün deyil. Multikulturalizm müasir Azərbaycan cəmiyyətinin yeni təbiətini və mənəvi saflığını, daha dəqiq desək, əzəmətini və həyat qabiliyyətini təsdiq edir.
Multikulturalizm Prezident İlham Əliyev tərəfindən Azərbaycan cəmiyyətinin formalaşmış modelinə yeni çalarlarla daxil edilmiş mədəni-mənəvi dəyərdir. Prezident İlham Əliyevin baxışları kontekstində multikulturalizm Azərbaycan cəmiyyətinin təbiətini, dəyərləri sistemini, dünya birliyinə inteqrasiya istəklərini bütün çılpaqlığı ilə dərk etməkdə açar rolunu oynayır. Müasir Azərbaycan cəmiyyətində multikulturalizm onun mədəniyyətinin təbiətindən irəli gəlir. Azərbaycan mədəniyyəti və bu mədəni dəyərlər əsasında qərar tutan cəmiyyət təcridlikdən uzaq olması ilə seçilir. Çoxmədəniyyətlilik bu cəmiyyətin mədəni özünüdərkinin və özünüifadəsinin aparıcı xüsusiyyəti rolunda çıxış edir. Bu isə öz növbəsində cəmiyyətin, onun mədəni dəyərlər sisteminin qapalılıqdan, birtərəflilikdən, təcridolunma meyillərindən xilas olmasına kömək göstərir. 
Ayrıca vurğulamağa ehtiyac vardır ki, Azərbaycan torpaqlarının təxminən 20 faizinin Ermənistan işğalçı qüvvələri tərəfindən zəbt olunmasına, işğalın 25 ildən çox davam etməsinə, on minlərlə insanımızın etnik mənsubiyyətinə görə qətlə yetirilməsinə baxmayaraq, cəmiyyətdə tolerantlığın mövqelərinə zərbə vura biləcək dini, irqi, etnik dözümsüzlük halları yayıla bilməmişdir. İşğalçı Ermənistanın monoetnik cəmiyyət modelinə Azərbaycanın çoxmillətli, çoxkonfessiyalı, tolerantlıq əsasında qərar tutmuş modeli qarşı durmaqdadır. 
Müasir Azərbaycanın reallıqları şəraitində multikulturalizmi sosial hadisə olaraq reallaşan ölkəmiz, eyni zamanda, multikulturalizmin nəzəri cərəyan kimi daha da kamilləşməsinə və təbliğinə böyük önəm verir. Müxtəlif illərdə Bakıda sivilizasiyaların, dinlərin və mədəniyyətlərin dialoqu mövzusunda keçirilən beynəlxalq forumlar bir yandan sözügedən sahədə Azərbaycanın unikal təcrübəsini dünyaya təqdim etmək məqsədi daşıyır, digər tərəfdən isə multikulturalizmə Avropada, bütünlükdə Qərb ölkələrində son zamanlarda müşahidə olunan inamsızlığın aradan qaldırılmasına xidmət göstərir. Müəyyən mənada, Azərbaycanın multikulturalizmin mühüm regional, hətta beynəlxalq mərkəzinə çevrildiyini söyləmək həqiqətin etirafı kimi qavranılmalıdır. Tam məsuliyyətlə iddia etmək mümkündür ki, bir çox Avropa ölkələri, beynəlxalq təşkilatlar Azərbaycanı məhz multikultural dəyərləri mənimsəmiş, özünün həyat tərzinə çevirmiş və bu sosial-mənəvi hadisəyə möhtəşəm töhfələr verən cəmiyyət olaraq qəbul edir və dəyərləndirir.
Tolerantlıq və sivilizasiyalararası dialoq mövzusunda beynəlxalq tədbirlərin böyük qisminin burada baş tutması ilk növbədə bununla izah olunmalıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etmişdir: “Multikulturalizm Azərbaycanda dövlət siyasəti və həyat tərzidir. Bu gün Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir”. Heç də təsadüfi deyildir ki, Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyət göstərir. Prezidentin sərəncamı ilə 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan olunub.
Son illərdə Azərbaycanda müxtəlif formatlarda multikulturalizm, tolerantlıq və sivilizasiyalararası dialoq məsələlərinə həsr olunmuş çoxsaylı toplantıların, forumların keçirilməsi ənənə halını almışdır. Bu forumlar qlobal miqyasda problemin diqqətdə saxlanması, müasir dünyanın həyat tərzinə çevrilməsi baxımından müzakirələr aparılıb yollar tapılmasına əhəmiyyətli töhfə verməkdədir. Azərbaycan hökumətinin bilavasitə təşəbbüsü və dəstəyi ilə keçirilən forumlarla bərabər, Heydər Əliyev Fondu tərəfindən təşkil olunan forumları da qeyd etməyi vacib hesab edirəm. Sözügedən forumların rolu və əhəmiyyətinə diqqət yetirməli olsaq, qeyd edilməlidir ki, yuxarıda sadalananlardan savayı, həmin forumlar multikulturalizm, tolerantlıq və sivilizasiyalararası dialoq sahəsində Azərbaycan təcrübəsinin yayılmasına da öz töhfəsini verməkdədir.
Azərbaycanda tolerantlıq və sivilizasiyalararası dialoq mövzusuna ilk müraciət edən qurumlardan biri Yeni Azərbaycan Partiyası olmuşdur. 2008-ci ildə partiyanın təşəbbüsü və təşkilatçılığı ilə “Sivilizasiyalararası dialoq: siyasi partiyaların rolu” mövzusunda keçirilən beynəlxalq konfrans ölkəmizdə multikulturalizm probleminə həsr olunan ilk forumlar arasında xüsusi rol oynayır. Konfransda 60-dan çox ölkədən nümayəndənin iştirakı, forumda Avropa, Asiya, Amerika və Afrika qitələrinin təmsil olunması onun beynəlxalq mənası və əhəmiyyəti haqqında müfəssəl təsəvvür yaradır.
Hazırda bütün dünyada multikulturalizm, sivilizasiyalararası münasibətlər böhran dövrünü yaşayır. Sivilizasiyaların və dinlərin dialoqunu qarşıdurmaların əvəz etməsi təhlükəsi artmaqdadır. İnkişaf etmiş Qərblə maddi sıxıntılardan əziyyət çəkən Şərq və Afrika arasında ziddiyyətlər dərinləşir. “Yaxın Şərq baharı” adını almış, mahiyyətcə isə bir sıra ölkələrdə müharibələrin tüğyan etməsi, on minlərlə insanın həlak olması, bir sıra hallarda kənardan, əsas etibarilə Qərbdən olan müdaxilələrin sabitlik yaratmaq əvəzinə, insan faciələrinin miqyasının artmasına səbəb olması deyiləni təsdiq edən çoxsaylı faktların kiçik qismidir. Orta Şərqdən və Afrikadan Avropaya məcburi çoxsaylı insan köçü əslində, humanitar fəlakətin qurbanlarının baş verənlərə, yaşamış olduqları məşəqqətlərə, tökülən qanlara, viran olan məmləkətlərinə görə ifadə edə bildikləri etiraz, bəlkə də üsyandır. İndi Avropanın həmişə təbliğ etməyə çalışdığı tolerantlıq, multikulturalizm ağır sınaq qarşısındadır. Qışın soyuğunda Avropanın çöllərində sığınacaq axtaran və çox zaman onu tapa bilməyən on minlərlə insan, xüsusilə də azyaşlı uşaqlar və qadınlar, multikulturalizmə baxışın kökündən dəyişdirilməsini tələb edir. Qəti şəkildə inanıram ki, Azərbaycanın təcrübəsi Avropanın bu sahədə axtarışlarının daha düzgün və səmərəli istiqamətdə aparılmasına töhfə ola bilər.
 
Əli ƏHMƏDOV,
Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP sədrinin müavini - icra katibi