”Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti” mövzusunda videokonfrans keçirilib
İyunun 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Saatlı Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi və Saatlı Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə ”Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti” mövzusunda videokonfrans keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov, Bəhrəm Ədalətoğlu, Milli Məclisin 62 saylı Saatlı rayon seçki dairəsinin deputat köməkçisi Samir Nəsirov, Rayon Gənclər və İdman İdarəsi və Saatlı Gənclər Evi sosial xidmət müəssisəsinin əməkdaşları, Rayon Peşə liseyinin müəllimləri, eləcə də orta məktəb şagirdləri və gənclər iştirak ediblər.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov ölkəmizdə dini etiqad azadlığının yüksək səviyyədə təmin olunmasından, dövlətimizin bu sahəyə xüsusi diqqət və qayğısından, gənclər arasında dini radikalizm və ekstremizm kimi mənfi hallara qarşı maariflənmənin önəmindən danışıb.
Daha sonra çıxışlarda gənclərin milli-mənəvi dəyərlər və azərbaycançılıq ruhunda tərbiyə edilməsi, vətənpərvər kimi formalaşmalarının əhəmiyyəti qeyd edilib. Natiqlər məktəblilərin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının vacibliyini qeyd edərək bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərdən danışıblar. Gənclərin radikal dini təsirlərdən, dini radikalizmdən qorunmasında təhsilin önəmindən də bəhs olunub.


