Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.04.2021

“Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusu müzakirə edilib

Aprelin 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Qax Rayon İcra Hakimiyyəti və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda onlayn formatda seminar-treninq keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov, Qax Rayon İcra Hakimiyyəti başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Fərid Muradov, rayon Təhsil şöbəsinin məsləhətçisi Aynur Dursunova, sinif rəhbərləri, Həyat bilgisi fənnini tədris edən müəllimlər və məktəb psixoloqları iştirak ediblər.

Çıxışlar zamanı məktəblilərin dünyagörüşünə, mənəvi inkişafına mənfi təsir göstərən amillərin, dini radikalizm, erkən nikah və narkomaniyanın gənclərimizin gələcəyi üçün real təhlükə yarada biləcəyi vurğulanıb, milli vətənpərvərlik ruhu aşılayan mənəvi dəyərlərimizin məktəblilərin formalaşmasındakı önəmindən bəhs edilib. Məktəblilərin bəşəri dəyərlərə hörmətlə yanaşması, mənəviyyatlı, dünyagörüşlü, vətənpərvər gənclər olaraq yetişməsində ailənin, məktəbin və ictimaiyyətin danılmaz rolu olduğu qeyd edilib. O da bildirilib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində böyük zəhməti olan gənc nəslin yetişdirilməsində məhz yuxarıda qeyd olunan amillər əsaslı rol oynayıb. Bu sahə üzrə dövlətin həyata keçirdiyi gənclər siyasətinin əhəmiyyətindən və uğurlarından danışılıb.

Tədbirin sonunda məktəblilərin mənəvi dünyagörüşünə təsir edən mənfi amillərlə mübarizə üsulları qeyd edilib, bu sahədə hər kəsin atacağı addımların önəmli olduğu diqqətə çatdırılıb.