21.12.2017
Məktəblilərə “Şəhadət” sənədli filmi nümayiş etdirilib
Dekabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Abşeron rayon Məmmədli kənd tam orta məktəbində “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Orxan Axundov, İsmayıl Cəfərov, məktəbin direktoru Elbəyi Abdiyev, müəllim və şagird kollektivi iştirak ediblər.
Məktəbin direktoru E.Abdiyev təhsil müəssisələrində belə maarifləndirici tədbirlərin keçirilməsini yüksək qiymətləndirib. Xüsusilə dini radikalizmin səbəb olduğu münaqişə və terror hadisələrinin vüsət aldığı bir zamanda ölkəmizdə bu tədbirlərin əhəmiyyətli olduğunu bildirən E.Abdiyev tədbirin keçirilməsinə görə Dövlət Komitəsinə öz minnətdarlığını bildirib.
DQDİK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı O.Axundov şagirdlərin Vətənə sədaqət və milli-mənəvi dəyərlərə bağlı ruhda formalaşmasının zəruriliyini qeyd edib. O, Dövlət Komitəsinin sifarişi əsasında ərsəyə gəlmiş bu sənədli filmin gənclərdə sadalanan ülvi duyğuların möhkəmlənməsinə yardımçı olacağını söyləyib.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib və filmlə bağlı müzakirələr aparılıb.
.jpg)
.jpg)
.jpg)
.jpg)