Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.11.2017

Məktəblərdə dini maarifləndirmə tədbirləri davam etdirilir

Noyabrın 21-də Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Sabunçu rayonunda yerləşən 74 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Aslan Sultanov, Fidan Aslanova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsildənkənar fəaliyyətin təşkili sektorunun əməkdaşı Qənirə Sultanova, məktəbin direktoru Əfqan Həsənov, müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsildənkənar fəaliyyətin təşkili sektorunun əməkdaşı Qənirə Sultanova 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının və IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsinin böyük tarixi əhəmiyyətə malik ictimai-siyasi hadisə olduğunu vurğulayıb. Bu il çərçivəsində görülən işlərin, keçirilən tədbirlərin tolerantlıq mühitinin təşəkkül tapmasına, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verdiyini bildirib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Fidan Aslanova çıxışı zamanı “Şəhadət” sənədli filminin maarifləndirmə xüsusiyyətlərindən söz açıb. Təşkil edilən maarifləndirmə tədbirlərinin milli-mənəvi dəyərlərə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə verilən önəmin, dövlətin bu məsələyə olan diqqət və qayğısının təzahürü olduğunu bildirib.
Daha sonra Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Qeyd edək ki, tədbir “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq keçirilib.