“Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə" mövzusunda onlayn konfrans keçirilib
Aprelin 23-də Dini Qurumlarla İş üzrə Dovlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin, Biləsuvar rayon Təhsil şöbəsinin və Biləsuvar rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə" mövzusunda onlayn konfrans keçirilib.
Tədbirdə təşkilatçı qurumların əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuruyev məişət zorakılığının subyektləri, cəmiyyətdə və məişətdə qadın zorakılığı, zorakılığın formaları, erkən və məcburi nikah barədə ətraflı məlumat verərək bildirib ki, məişət zorakılığına məruz qalanlar əsasən, qadın və uşaqlardır. Bu gün dünyanın ən mühüm problemlərindən biri olan məişət zorakılığının qarşısının alınması üçün güclü qanunvericilik və dövlət dəstəyi ilə yanaşı, cəmiyyət özü, xüsusilə vətəndaş cəmiyyəti zorakılıq hallarına adekvat reaksiya verməlidir.
Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, Biləsuvar rayon Təhsil Şöbəsinin müdir müavini Əlisəfa Qəmbərov çıxışlarında bölgələrdə yaşayan azyaşlı qızların təhsilə cəlb edilməsinin, erkən nikahla mübarizədə ciddi ictimai qınağın və sərt cəza tədbirlərinin həyata keçirilməsinin vacibliyini qeyd ediliblər.
