Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.09.2017

Məhərrəmlik tədbirləri qanunvericiliyə uyğun keçirilməlidir

Sentyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) qazısının təşkilatçılığı ilə Lənkəran şəhər Ə.Vahid küçəsi “Cümə” məscidində Məhərrəmlik ayına həsr edilmiş tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Lənkəran ŞİH başçısı Aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, QMİ-nin qazısı Qəni Axundzadə, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Əvvəlcə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası oxunub.
Tədbiri giriş sözü ilə açan QMİ-nin qazısı Qəni Axundzadə İslamın elm, mədəniyyət dini olduğunu, həmiçinin, dünyəvi dəyərləri özündə ehtiva etdiyini bildirib. Q.Axundzadə Məhərrəmlik tədbirlərinin QMİ-nin fətvasına uyğun şəkildə, xurafata yol vermədən keçirilməsininin vacibliyini vurğulayıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov dövlət-din münasibətlərindən bəhs edərək, ölkəmizdə tolerant və multikultural dəyərlərin tarixi köklərinin olduğunu, dözümlülük və dini tolerantlığın həyat tərzimizə çevrildiyini vurğulayıb. Q.Məmmədov Məhərrəmliklə bağlı tədbirlərin qanunlara uyğun şəkildə keçirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Lənkəran ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Asif İmanlı Prezident İlham Əliyev tərəfindən bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsini zamanı qabaqlayan addım kimi dəyərləndirib, bu həmrəyliyin sülhün və inkişafın təminatı olduğunu bildirib. A.İmanlı tədbirlərin qanun çərçivəsində, qanunvericiliyin tələblərinə riayət etməklə keçirilməsinin əhəmiyyətini  vurğulayıb.
Çıxış edən dini icma sədrləri və din xadimləri 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasını dövlətimizin dini dəyərlərə və həmrəyliyə mühüm töhfəsi hesab etdiklərini, buna görə dövlət başçısına minnətdar olduqlarını deyiblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.