Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
09.07.2024

Məhərrəmlik mərasimi ilə bağlı tövsiyələr

Məhərrəm hicri-qəməri təqvimin ilk ayı, İslam dinində dörd haram aydan biridir. Müsəlman dünyasında məhərrəm ayı yalnız yeni ilin başlanğıcı deyil, həmçinin İslam tarixində ən faciəli hadisələrdən biri olan Kərbəla şəhidlərinin növbəti ildönümünün keçirilməsi kimi xarakterizə edilir. Miladi təqvimlə 680-ci ilin məhərrəm ayında Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin və tərəfdarlarının amansızca qətlə yetirildiyi Kərbəla faciəsi İslam tarixinə ən acı və kədərli hadisə kimi düşmüşdür. Hər il məhərrəm ayında faciə qurbanlarının nəsillərin yaddaşında yaşadılması və İmam Hüseynin həyat və mübarizəsinin yad olunması məqsədilə mərasimlər təşkil olunur. Bu mərasimlərin məqsədi bədbinlik əhval-ruhiyyəsi təlqin etmək deyil, İmam Hüseynin şəhadətini yad etmək, onun cəsarət və ədalət uğurundakı mübarizəsini xatırlamaq, prinsip və dəyərlərini yaşatmaq, eyni zamanda vətənə bağlılıq hissini təcəssüm etdirməkdir. Belə ki, İslam dinində “şəhidlik məktəbi” və ədalət uğrunda mübarizə İmam Hüseynin adı ilə bağlıdır.

Məhərrəm ayının ilk on günündə məscidlərdə təşkil edilən kütləvi mərasimlərdə Quran oxunur, mərsiyələr deyilir, ehsanlar verilir və s. ayinlər icra olunur. Ancaq təəssüf ki, bəzən Məhərrəmlik, xüsusilə Aşura mərasimləri zamanı İslam dininin mahiyyətinə uyğun olmayan zəncir vurmaq, qan çıxarmaq, küçə yürüşləri keçirmək kimi mənfi hallar müşahidə edilir. Halbuki Məhərrəmlik mərasimləri İslam dininin mahiyyətinə uyğun təşkil edilməli, xurafat elementlərindən qaçınılmalı, ictimai asayişi pozacaq küçə yürüşləri keçirmək kimi hallara yol verilməməlidir. Mərasimlər məscidlərin imamları tərəfindən Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının məhərrəm ayının başlanması ilə əlaqədar müraciətinə uyğun, qanun çərçivəsində, müraciətdə irəli sürülən tövsiyələrə riayət olunmaqla icra edilməlidir. Özünü döyməklə bədənə xəsarət yetirmək, qan çıxarmaq, sinə vurmaq kimi əməllər İslam dininin mahiyyətinə ziddir və bunlar sonradan meydana çıxan, uydurulmuş hərəkətlərdir, mövhumatdan başqa bir şey deyil. 

Azərbaycanda istər müsəlman, istər qeyri-müsəlman olsun hər kəsə öz inancından irəli gələn ayinlərin, dini mərasimlərin azad keçirilməsi üçün lazımi şərait yaradılıb. Lakin dini mərasimlər zamanı bəzi prinsiplərə əməl etmək lazımdır. İlk növbədə, dini mərasimlər ictimai asayişi pozmamalıdır. Belə ki, “Dini etiqad azadlığı haqqında” Qanunun tələblərinə əsasən, kütləvi dini ibadət, ayin və mərasimlər dini ibadət yerlərində və ziyarətgahlarda keçirilir, dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil oluna bilər. Bu, təhlükəsizliyin və asayişin təmin edilməsi, həmçinin kütləvi dini ibadət, ayin və mərasimlərin qayda-qanunlara uyğun təşkil olunması baxımından önəmlidir. Üstəlik, bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kütləvi dini tədbirlər qanunla tənzimlənir. Bu, münaqişələrin qarşısını almağa kömək edən və müxtəlif dini konfessiyaların nümayəndələrinin harmonik birgəyaşayışını təmin edən belə tədbirlərin keçirilmə yerləri və şərtləri ilə bağlı qaydaları əhatə edir.

Dini mərasimlərin adət-ənənələrə uyğun keçirilməsi, yad dini təsirlərin müdaxiləsinə yolverilməməsi də vacib məqamlardan biridir. Bunlardan başqa, dini mərasimlərdə siyasi çağırışların səsləndirilməməsini, müxtəlif dini atributların yalnız məscidlərin daxilində nümayiş olunmasını, ayinlərin icrası zamanı xurafata, ifratçılığa yol verilməməsini də bu prinsiplərə aid etmək olar.

Məhərrəmliyin mahiyyəti bədbinlik əhval-ruhiyyəsi yaymaq deyil, fədakarlığı, dəyanətə çağırışı, vətənpərvərlik ruhunu, əhdə vəfanı təcəssüm etdirməkdir. Kərbəla faciəsi, bir növ, sülhün, əmin-amanlığın tərənnümüdür. Çünki İslam tarixində baş vermiş misli görünməmiş bu hadisə bizə qan tökməyin, haqsızlığa məruz qalmağın faciəsini göstərir, eyni zamanda, doğruluğun, dürüstlüyün, birliyin, həmrəyliyin əhəmiyyətini öyrədir. Biz xalq olaraq zülmə məruz qalmağın acı nəticələrini Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması ilə yaşadıq. Lakin bütün çətinliklərə baxmayaraq, 44 günlük Vətən müharibəsində xalqımızın sarsılmaz birliyinin, həmrəyliyinin, fədakarlığının, dəyanətinin şahidi olduq. Məhz xalqımızın cənab Prezident, Ali Baş  Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi sıx birləşməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunmasına zəmanət verdi. Bu müharibə Azərbaycanın vətənpərvər övladlarının nə qədər cəsur və fədakar olduğunu bir daha təsdiqlədi. Bu baxımdan məhərrəm ayı Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin anılması üçün müqəddəs məqamdır.

Məhərrəmliyin onuncu günü – Aşura günü verilən ehsan süfrələri, artıq ənənəyə çevrilmiş qanvermə aksiyaları da insanlar arasında mehribanlığın, həmrəyliyin aşılanmasını, yardımlaşmanın yayılmasını təcəssüm etdirir.

İslami dəyərlərin olduğu kimi, sağlam mənbələr əsasında yaşadılması mənəviyyatın saflaşmasına, milli kimliyin qorunmasına, vətənə-torpağa bağlılığa, dini-mənəvi dəyərlərimizin öyrənilməsinə xidmət edir. Əgər doğru olanı həyata keçirsək və bunu digərlərinə təbliğ etsək, onda mənfi halların heç biri olmaz.

Bütün sadalananları nəzərə alaraq, Kərbəla hadisəsinin təhriflərdən uzaq, sağlam düşüncə əsasında və düzgün dərk edilməsi, Məhərrəmlik dövründə məscidlərdə verilən xütbələrdə onun Vətənə, milli-mənəvi dəyərlərə bağlılığın, sevginin nümunəsi kimi təqdim olunaraq aşılanması və Vətənimiz uğrunda şəhid olanların əziz xatirəsinin yad edilməsi vacibdir.

Ümid edirik ki, bu il də ölkəmizdə təşkil olunan Məhərrəmlik, xüsusilə Aşura mərasimləri İslam dinin mahiyyətinə və xalqımızın yüksək mədəniyyətinə uyğun, eləcə də İmam Hüseynin adına layiqli şəkildə keçiriləcəkdir.