31.10.2017
Masallıda “Uşaqlar gələcəyimizdir: gələcəyimizi qoruyaq” mövzusunda tədbir keçirilib
Oktyabrın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Masallı şəhər 3 saylı tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaqlar gələcəyimizdir: gələcəyimizi qoruyaq” adlı tədbir keçirilb.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşları, Masallı Rayon Təhsil Şöbəsinin əməkdaşı Əyyar Burhanov, Masallı şəhər 3 saylı tam orta məktəbin direktor əvəzi Nailə Əsədullayeva, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktor əvəzi Nailə Əsədullayeva bildirib ki, hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr-20 noyabr tarixlərində “Uşaq Hüquqları aylığı” elan edilir. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov vurğulayıb ki, İslam dinində uşaq hüququna böyük dəyər verilir. Belə ki, dinimiz insanların qəlbində uşaqlara qarşı sevgi, rəğbət, mərhəmət və məhəbbət hisslərini aşılayır. O qeyd edib ki, uşaq hüquqlarının müdafiəsinə dövlət təminat verir. Bununla bağlı bir sıra mühüm qanunlar və proqramlar qəbul edilib.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” sənədli filminin nümayişi olub.
