Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.06.2017

Masallıda "Cəmiyyətimizin sağlamlığı naminə narkomaniyaya qarşı birgə mübarizənin vacibliyi" mövzusunda tədbir keçirilib

İyunun 6-da Masallı Gənclər Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Gənclər və İdman İdarəsi və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Cəmiyyətimizin sağlamlığı naminə narkomaniyaya qarşı birgə mübarizənin vacibliyi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov və əməkdaşı Kamil Bağırov, rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, rayon Təhsil şöbəsinin metodisti Əyyar Bürhanov, ilahiyyat üzrə fəlsəfə doktoru Əliqulu Qardaşov, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov zərərli vərdişlərin və narkomaniyanın törətdiyi fəsadlardan danışıb.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov isə çıxışında narkomaniyanın törətdiyi fəsadların qarşısının alınması və bu sahədə aparılan genişmiqyaslı tədbirlərdən söhbət açıb. Narkomaniya ilə mübarizədə ictimai qınağın önəmini diqqətə çatdıran natiq bu işdə din xadimlərinin və təhsil müəssisələrinin üzərinə böyük məsuliyyətin düşdüyünü bildirib.
 İlahiyyatçı alim Əliqulu Qardaşov, rayon Təhsil şöbəsinin əməkdaşı Əyyar Punhanov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov və başqaları çıxışlarında zərərli vərdişlərlə və narkomaniya ilə mübarizədə gənclər arasında maarifləndirmə işinin aparılmasının əhəmiyyətindən danışıblar.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə əmri ilə təsdiq edilmiş “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirməsi haqqında” Fəaliyyət Planına və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2017-ci il üçün “Narkomaniyaya qarşı mübarizə” haqqında İş Planına uyğun olaraq keçirilib.