28.04.2016
Masallıda “Narkomaniya və zərərli vərdişlərlə mübarizə yolları” mövzusunda tədbir keçirilib
Aprelin 27-də Masallı Rayon Gənclər Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Narkomaniya və zərərli vərdişlərlə mübarizə yolları” mövzusunda “Narkomaniyanın hədəfinə çevrilməmək naminə sağlam həyat tərzi seçin!” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının I müavini Nadir Abıyev, DQİDK-nın Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov, DİN-nin Regional Narkotiklərlə mübarizə idarəsinin rəisi, polis polkovniki İzzət Əsgərov, rayonun təhsil və səhiyyə işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Masallı RİH başçısının I müavini, "Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə” Masallı rayon komissiyasının sədri Nadir Abıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyun 2013-cü il tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “ Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018- ci illər üçün Proqramı” barəsində məlumat verərək, bu sahədə rayonda görülən işlərdən danışıb. O, bu sahədə görülən işlərin sırasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə aparılan birgə tədbirləri xüsusi vurğulayıb.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov narkomaniyaya qarşı mübarizə sahəsində şöbənin ötən dövr ərzində gördüyü işlərdən danışaraq, bölgədəki dini icmalarda keçirilən tədbirlərin çoxunun narkomaniya və zərərli vərdişlərlə mübarizəyə həsr edildiyini və həmin tədbirlərin məktəblərdə aparıldığını söyləyib. O, gənc nəslin sağlam tərbiyəsində önəmli rol oynayan narkomaniya ilə mübarizə işlərinin gündəlik aparılacağını, bu işlərdə milli-mənəvi və dini dəyərlərimizdən daha səmərəli istifadə ediləcəyini qarşıya məqsəd qoyduqlarından danışıb.
DIN Baş Narkotiklərlə mübarizə idarəsi cənub bölgəsi üzrə rəisi, polis polkovniki İzzət Əsgərov, Hacıtəpə kənd tam orta məktəbinin direktoru Adıgözəl Əmənov, Rayon Təhsil şöbəsinin metodisti Əyyar Bürhanov və başqaları mövzu ilə bağlı real vəziyyət və onunla mübarizə yollarından danışaraq təklif və rəylərini bildirib.
Tədbirin sonunda Narkomaniya ilə bağlı qısa video çarx izlənildi.