28.09.2017
Masallıda Məhərrəmlik mərasimlərinin təşkili və Aşura günü ilə bağlı müşavirə keçirilib
Sentyabrın 27-də Masallı şəhəri Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzində Masallı Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Məhərrəmlik mərasimlərinin təşkili və Aşura günü qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
İdarə və təşkilatların, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, dini icma sədrlərinin, din xadimlərinin, ağsaqqalların, yerli ərazi nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə açan Masallı RİH-in başçısı Rafil Hüseynov keçirilən dini mərasimlərə ciddi nəzarət, zərərli təriqət üzvlərinin, dövlətçiliyimizin əleyhinə moizələr edən radikal “dindarların” cəmiyyət tərəfindən qınanılması, dini maarifləndirmənin İslam dəyərlərinə uyğun gücləndirilməsi və digər vacib məsələlərə toxunaraq aidiyyəti təşkilatlara tapşırıq və tövsiyələrini verib.
Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə qazısı Mirqiyas Təhməzov Qazılar Şurasının fətvası və rayon üçün tərtib edilən azan vaxtlarının yerlərdəki tətbiqindən danışaraq bildirib ki, Məhərrəmlik mərasimləri ibadət ocaqlarında ictimai asayişə riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidləri ilə yanaşı, Vətənimizin bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın da əziz xatirəsi ehtiramla anılmalıdır.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov milli-mənəvi və dini dəyərlərimizin təbliğ-təşviqi üçün dindarları mərasimlər vaxtı diqqətli olmağa, zəruri qaydalara əməl etməyə çağırıb, məktəblilərin dini mərasimlərdə iştirakının yolverilməz olduğuna diqqət çəkib.
Masallı Rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov və Dövlət Təhlükəsizlik Xidmətinin Masallı rayon şöbəsinin rəisi Fuad Əliyev Məhərrəmlik mərasimləri zamanı ziyarətləri kütləvi toplantılara çevirməməyi, əzadarlıq tədbirlərini keçirərkən ictimai asayiş qaydalarına riayət etməyin zəruri olduğunu diqqətə çatdırıblar.
Çıxışlarda əzadarlıq məclislərində zəncir vurub baş yarmaq, bədənə xəsarət yetirmək əvəzinə qanvermə aksiyalarının təşkili humanist ənənə kimi dəyərləndirilib, moizə və xütbələrdə Vətən təəssübünün, milli və dövlət mənafelərimizin uca tutulmalı olduğu vurğulanıb.