Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.08.2019

Masallıda Məhərrəm ayının başlaması ilə əlaqədar tədbir keçirilib

Avqustun 29-da Masallı rayonunda Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Məhərrəm ayının başlaması ilə əlaqədar tədbir keçirilib.

İdarə və təşkilatların, hüquq-mühafizə orqanlarının rəhbərləri, dini icma sədrləri, din xadimləri, ağsaqqallar, yerli ərazi nümayəndələri, bələdiyyə sədrləri, təhsil işçiləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov mövzunun əhəmiyyətindən danışıb. Natiq qeyd edib ki, humanizmi və bəşəri ideaları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslam dini xalqımızın dünya görüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynayıb, mütərəqqi islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulub. Ölkəmizdə bütün dinlərin nümayəndələrinə öz dini etiqad və azadlıqlarını ifadə etmək, dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait yaradılıb. İH-nin başçısı eyni zamanda Məhərrəm ayı ilə bağlı bütün mərasimlərin qanunvericilik çərçivəsində Azərbaycan xalqının, İslam dininin yüksək mədəni normalarına uyğun keçirilməsinin zəruriliyini diqqətə çatdırıb.

DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov məhərrəmlik mərasimlərində hər kəsi Qafqaz Müsəlmanları İdarəsinin fətvasına riayət etməyi tövsiyə edib. QMİ-nin Cənub bölgəsi üzrə qazısı Mirqiyas Təhməzov isə çıxışında bildirib ki, aşura mərasimləri ibadət ocaqlarında ictimai asayişə riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidləri ilə yanaşı Vətənimiz uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın da əziz xatirəsi ehtiramla anılmalıdır.

Masallı Rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov və Boradigah qəsəbəsi “Həzrəti-Əli” məscidinin imamı Rəşid Talıbov və başqaları mövzu ilə bağlı fikirlərini səsləndiribər.