Masallıda maarifləndirmə tədbiri keçirilib
Noyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Polis Şöbəsi və Masallı Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Erkən nikah problemi: səbəblər və həlli yolları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov, Masallı Rayon İcra Hakimiyyəti başçısının Gəyəçöl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Afərin Şükürov, Rayon Təhsil Şöbəsinin əməkdaşı Əyyar Bürhanov, məktəbin direktor əvəzi Fəyyaz Rəhimov, valideynlər, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlarda erkən nikahların yaranma səbəbləri və buna qarşı aparılan mübarizə haqqında məlumat verilib. Vurğulanıb ki, yetkinlik yaşına çatmayan qızların məcburi nikaha daxilolmaları qanunla qadağandır. Qeyd edilib ki, belə tədbirlərin keçirilməsi, əhalinin hüquqi maarifləndirilməsi, onların hüquqla bağlı düşüncələrinin inkişaf etdirilməsi ilə yanaşı vətəndaş cəmiyyətinin inkişafına xidmət edir.