Masallıda maarifləndirmə tədbiri keçirilib
Oktyabrın 31-də Masallı Gənclər Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Polis Şöbəsi və Masallı Regional Kollecinin birgə təşkilatçılığı ilə “Gənclərin radikal təsirlərdən və zərərli vərdişlərdən qorunması” mövzusunda tədbir keçirilmişdir.
Maarifləndirmə məqsədi daşıyan tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı Rayon Polis Şöbəsinin rəisi, polis Polkovniki Habil Əmiraslanov, Masallı Regional Kollecinin direktoru Vidadi Nəzərov, rayon ictimaiyyətinin nümayəndələri həmçinin Kollecin müəllim-tələbə heyəti iştirak ediblər.
Tədbiri Masallı Regional Kollecinin direktoru Vidadi Nəzərov açaraq cəmiyyətdə zərərli vərdişlərin və radikalizmin törətdiyi fəsadlardan danışıb.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov radikalizmin törətdiyi fəsadların qarşısının alınması və bu sahədə aparılan genişmiqyaslı tədbirlərdən söhbət açıb. Bu cür bəlalarla mübarizədə ictimai qınağın önəmliyini diqqətə çatdıran natiq həmçinin erkən nikahların qaşısının alınmasında ailənin və təhsil ocaqlarının üzərinə daha çox məsuliyyətin düşdüyünü gündəmə gətirib.
Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov çıxışında narkomaniya və digər zərərli vərdişlərin insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını və cinayətkarlığın artmasına səbəb olduğunu vurğulayıb.
Kollecin müəllimi Baba Həsənov və başqaları çıxışlarında zərərli vərdişlərlə və radikalizmlə mübarizədə gənclər arasında maarifləndirmə işinin aparılması və bu sahədə kitabxanalar, idman təşkilatları, eləcə də ictimaiyyətin rolunun əhəmiyyətindən danışıblar.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.