28.07.2017
Masallıda maarifləndirmə tədbiri keçirilib
İyulun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Masallı rayonu Lürən kənd məscidi dini icması tərəfindən “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimizin təbliği” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov və şöbənin əməkdaşları, Lürən kənd tam orta məktəbinin direktoru İltimas Nəzərov, Masallı RİH başçısının Lürən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zakir Əbilov, icma sədri Balakərim Yaqubov, din xadimləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün təbliğ etmək kimi məsuliyyətli bir vəzifə düşdüyünü deyib. Bu gün dünyada İslam və digər dinlərdən başqa məqsədlər üçün istifadə edən radikal qüvvələrin mövcud olduğunu və bu radikal qüvvələrin xüsusilə gəncləri öz sıralarına cəlb etməyə cəhd göstərdiklərini vurğulayıb.
Masallı RİH başçısının Lürən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zakir Əliyev vurğulayıb ki, dinin cəmiyyət həyatında yeri və rolu düzgün istiqamətləndirilməli, mütərəqqi islami dəyərlərin tətbiqi, təşviqi müasir tələblər səviyyəsində aparılmalı, dindən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidir.
Daha sonra çıxış edən icma sədri Balakərim Yaqubov dövlətin dinə və din xadimlərinə göstərdiyi qayğıdan bəhs edib, o cümlədən bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətinə diqqət çəkib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.