Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.03.2017

Masallıda “İslami dəyərlər və şəhidlik” mövzusu müzakirə olunub

Martın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə Rəhim Tağıyev adına Masallı rayon Tarix-Diyarşünaslıq muzeyində “İslam Həmrəyliyi İli” ilə bağlı “İslami dəyərlər və şəhidlik” mövzusunda tədbir keçirilib
Tədbiri giriş sözü ilə açan Tarix-Diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva İslam dəyərlərindən söhbət açaraq şəhidlik zirvəsinin ucalığından danışıb.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov “İslami dəyərlər və şəhidlik” mövzusunda məruzəsində “Qurani-Kərim”in şəhidlərə verdiyi dəyərdən, eləcə də dövlətimizin onlara diqqət və qayğısından danışıb.
Tədbirdə “Masallı Ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev, Masallı rayon Ağsaqqallar Şurasının sədri Əliəşrəf Niftiyev, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Nahid Rəhimov və Masallı rayonunda məskunlaşmış Ağdam rayonundan olan məcburi köçkün Aynurə Əliyeva mövzu ilə bağlı fikirlərini söyləyiblər.
Sonda orta məktəb şagirdlərinin şəhidlərə həsr olunmuş şeirləri dinlənilib.