04.04.2017
Masallıda “İslamda dostluq və qardaşlıq prinsipləri” mövzusunda maarifləndirmə tədbiri baş tutub
Aprelin 4-də Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Masallı şəhəri Qabaq Dadva məhəllə məscidi dini icması tərəfindən Masallı şəhər “Dəfinə” məktəb-liseyində “İslamda həmrəylik və sülh çağırışları” adlı layihə çərçivəsində “İslamda dostluq və qardaşlıq prinsipləri” mövzusunda tədbir keçirilib.
Tədbir ötən ilin aprel döyüşlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov ölkəmizdə “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən tədbirlərdən danışıb.
DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov çıxışında bildirib ki, sülh və mehribanlıq dini olan İslam ümumbəşəri və mənəvi dəyərlərlə zəngindir. Natiq daha sonra bəzi İslam ölkələrində dini zəmində gedən prosesləri təhlil edərək, Azərbaycanın İslam dünyasındakı mövqeyi barədə danışıb.
Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bugünkü Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlərə bağlılığından və onların yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmasından söhbət açıb.
İlahiyyat üzrə fəlsəfə doktoru, jurnalist-araşdırmaçı Əliqulu Qardaşov, “Dəfinə” məktəb-liseyinin direktoru Taleh Əkbərov, Masallı şəhər Qabaq Qadva məhəllə məscidi dini icmasının sədri Vaqif Mikayılov və başqaları çıxışlarında dövlətimizin İslam həmrəyliyinə verdiyi dəyərdən danışıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və DQİDK-nın nəşri olan kitab və digər dini ədəbiyyatlar Masallı şəhər “Dəfinə” məktəb-liseyinin kitabxanasına hədiyyə edilib.