16.10.2017
Masallıda “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində dinimizin rolu” mövzusunda tədbir keçirilib
Prezident İlham Əliyevin 27 noyabr 2014-cü il tarixdə imzaladığı Sərəncama əsasən dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Masallı rayonu Eminli kənd məscidi dini icması tərəfindən oktyabrın 16-da Həbib Sadıqov adına Eminli kənd tam orta məktəbində “İslam həmrəyliyi Azərbaycan kontekstində” adlı layihə çərçivəsində “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində dinimizin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları Kamil Bağırov, Ayıq Səmədov, Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Mahir Qəniyev, Həbib Sadıqov adına Eminli kənd tam orta məktəbinin direktoru Sakit Ağayev, Eminli kənd məscidi dini icmasının sədri Rəbbi Kərimov, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sakit Ağayev ölkəmizdə gənclərə göstərilən hərtərəfli qayğıdan, onların vətənpərvərlik ruhunda tərbiyəsindən, bu işdə dinimizin sülhpərvər missiyasının mahiyyətindən danışıb.
DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Mahir Qəniyev çıxışında milli-mənəvi dəyərlərimizin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında oynadığı roldan danışıb, 2016-cı ilin aprel döyüşlərində yüksək vətənpərvərlik nümunəsi göstərən müasir Azərbaycan gəncliyinin qəhrəmanlıqlarını xüsusi vurğulayıb. O qeyd edib ki, hər birimizin vətəndaş olaraq bir sıra hüquq və vəzfələrimiz, mənəvi borclarımız vardır. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına əməl etməli, dövləti, vətəni sevməli, ona sədaqətlə xidmət etməlidir.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov çıxışında İslam dininin əsas qayəsi olan sülh, vətənpərvərlik və humanizm prinsiplərini diqqətə çatdırıb.
Dini icması sədri Rəbbi Kərimov, kənd ağsaqqalı Salam Nəzərov və başqaları çıxışlarında dinimizdə Vətən sevgisindən və Vətənə verilən dəyərdən söhbət açıblar.
Tədbirin sonunda iştirakçılara DQİDK-nın nəşr etdirdiyi dini təyinatlı kitablar və digər çap məhsulları paylanılıb.