19.04.2016
Masallıda “Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib
Aprelin 19-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Masallı şəhərindəki şəhid Rafiq Əlihəsənov adına 1 N-li tam orta məktəbinin akt zalında “Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Masallı RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Nazim Muradov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin baş məsləhətçisi Kamil Bağırov, QMİ-nin bölgə qazısı Mirqiyas Təhməzov, Masallı rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev, Masallı rayon Veteranlar Şurasının sədri Məmmədağa Şiriyev, Masallı rayon Ağsaqqallar Şurasının sədr müavini Ələşrəf Niftiyev, məktəbin pedaqoji və şagird kollektivi iştirak ediblər.
Tədbirin əvvəlində işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
DQDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov mövzu ilə bağlı məruzə edib. O məruzəsində Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən bu günə kimi vətənpərvərlik mövzusunda aparılan məqsədyönlü işlərin yekunu olaraq indiki gəncliyin vətənpərvər və yüksək amallara sahib olduğunu və bu işdə dövlətimizin xidmətlərini önə çəkərək, gənclərimizin bu ruhda tərbiyə olunmasını onun strateji hədəfi olduğunu bildirib.
Masallı RİH-in məsul işçisi Nazim Muradov da son hadisələrdə Masallı rayon sakinlərinin etdiyi igidliklərdən danışaraq gənc nəsli qəhrəmanlardan nümunə götürməyə çağırıb.
QMİ-nin bölgə qazısı Mirqiyas Təhməzov öz çıxışında şəhidlik zirvəsindən, şəhidlərin xatirəsinin bizim üçün əbədi olmasından danışaraq “Vətən sevgisi imandandır” hədisini xatırladıb.
Məruzə ətrafında çıxış edən bütün natiqlər gənc nəslin milli ruhda tərbiyəsi ilə bağlı məsləhət və tövsiyələrini verərək indiki vaxtda müasir gəncliyimizin vətənpərvərlik ruhunun yüksək olmasını xüsusilə önə çəkiblər.
.jpg)
.jpg)

