04.05.2016
Masallıda “Ənənəvi dindarlıq və radikalizm” mövzusunda tədbir keçirilib
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir.
Mayın 4-də Yardımlı rayonu Yardımlı şəhər məscidi dini icmasının “Multikultural cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” adlı layihəsi çərçivəsində “Ənənəvi dindarlıq və radikalizm” mövzusunda rayon Mərkəzi kitabxana sisteminin akt zalında tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Aqil Həsənli, Yardımlı rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Ayaz Əliyev, Mərkəzi kitabxana sisteminin direktoru Rahim Səfərov, Yardımlı rayonu Yardımlı şəhər məscidi dini icmasının sədri Asif Ağayev, dini icma üzvləri, rayon gəncləri və ziyalılar iştirak ediblər.
Yardımlı şəhər məscidi dini icmasının sədri Asif Ağayev layihə barədə məlumat verərək bildirib ki, “Multikultural cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” layihəsi çərçivəsində maarifləndirmə işləri davam edir.O, gənc nəsillərə multikultural və tolerantlıq dəyərlərinin aşılanması, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşılması, İslamda Vətən və dövlət sevgisi, dini radikalizm və ekstremizm kimi mənfi ünsürlərin İslam dininə yad olmasını qeyd edib, sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması haqqında düzgün təsəvvürlərin yaradılması, müasir və sağlam düşüncəli gənclərin formalaşdırılması istiqamətində tədbirlərin bundan sonra da həyata keçiriləcəyini bildirib.
Yardımlı rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Ayaz Əliyev layihənin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, radikal dini cərəyanların fəaliyyəti yolverilməzdir və buna qarşı təkcə dövlət təşkilatları, hüquq-mühafizə orqanları deyil, hər bir vətəndaş, hər bir ziyalı kəskin mübarizə aparmalı, gənc nəslin həqiqi İslami dəyərlərə yiyələnməsinə köməklik göstərilməlidir.
Tədbirdə çıxış edən digər natiqlər Azərbaycan cəmiyyətində multukultural dəyərlərin inkişaf etdiyini, bu dəyərlərin birgəyaşayış prinspinə çevrilməsini qeyd ediblər və mövcud olan bu ənənələrin daha da möhkəmləndirilməsi üçün radikal təsirlərin qarşısının alınması üçün lazım olan məqamlara toxunublar.
Tədbir diskussiya şəklində davam etdirilib.
.jpg)

