20.09.2017
Masallıda “Dinimizdə qardaşlıq və sülh prinsipləri” mövzusunda tədbir təşkil olunub
Sentyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Masallı rayonu Kubin kənd məscidi dini icmasının “Radikalizm və ekstermizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərin əhəmiyyəti” layihəsi çərçivəsində “Dinimizdə qardaşlıq və sülh prinsipləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Ayıq Səmədov, Kubin kənd məscidi dini icmasının sədri Əkbər Xamıyev, Miyənkü kənd məscidi dini icmasının sədri Sadıq Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Ayıq Səmədov bildirib ki, sülh və mehribanlıq dini olan İslam ümumbəşəri və mənəvi dəyərlərlə zəngindir. Natiq daha sonra bəzi İslam ölkələrində dini zəmində gedən prosesləri təhlil edərək, Azərbaycanın İslam dünyasındakı mövqeyi barədə danışıb.
İcma sədri Əkbər Xamıyev və digərləri islami dəyərlərdən söhbət açaraq milli-mənəvi dəyərlərimizin formalaşmasında dinimizin rolunu xüsusi vurğulayıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.