29.01.2018
Masallıda “Dinimiz imanımızdır” mövzusu müzakirə edilib
Yanvarın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Masallı rayonu Boradigah qəsəbəsi “Həzrəti Əli” məscidi dini icmasının həyata keçirdiyi “Azərbaycanda İslam həmrəyliyi: dünən və bu gün” adlı layihə çərçivəsində “Dinimiz imanımızdır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları Kamil Bağırov və Ayıq Səmədov, dini icmanın sədri Zakir Abdullayev, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov ümumbəşəri dəyərlərə münasibətdə zəngin təcrübəyə malik Azərbaycanda İslamın tarixi, milli - mənəvi dəyərlərimizdə yeri, bu dəyərlərin yad təsirlərdən qorunması ilə əlaqədar məsələlərdən bəhs edib.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Ayıq Səmədov bildirib ki, İslamı olduğu kimi bilmək vacibdir, İslamı, Qurani-Kərimi, Peyğəmbərimizin yolunu yaxşı bilməyən insanın başqa təsirlər altına daha tez düşməsi istisna deyil.
Daha sonra icma sədri Zakir Abdullayev və başqaları mövzu ilə bağlı çıxış ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr edilən dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.