18.09.2017
Masallıda “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib
Sentyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Boradigah qəsəbəsində “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşları Ayıq Səmədov, Kamil Bağırov, Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Dövlət Komitəsinin əməkdaşı Vüqar İmamquliyev, Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, Boradigah qəsəbə Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbin direktoru Azər Mirzəyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Seminar-treninqi giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov tədbirin əhəmiyyətindən danışıb. Qeyd edib ki, müasir dövrdə İslam dünyasında gedən murəkkəb proseslər, baş verən müharibə və toqquşmaların başlıca səbəblərindən biri dini radikalizm və məzhəb ayrı-seçkiliyidir ki, bu da dini maarifləndirmə tədbirlərinin keçirilməsini zərurətə çevirir. Digər müsəlman ölkələrindən fərqli olaraq, Azərbaycanda sabitlik hökm sürür və bunun başlıca səbəblərindən biri dini sahədəki sabitlik, dövlətin dinə və dindarlara qayğısıdır.
Daha sonra çıxış edən Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov dini radikal qrupların başqalarını təsiri altına salmalarından, onların təbliğat metodları, dini fanatizm haqqında danışıb. O, gənclərin dini radikal qrupların təsiri altına düşməmələri üçün valideynlərin də üzərinə məsuliyyət düşdüyünü bildirib, dini radikalizmə qarşı mübarizə üsulları haqqında geniş məlumat verib. Qeyd edib ki, dini radikalizmin yaranma səbəblərindən biri də məzhəb ayrı-seçkiliyidir. İslam isə məzhəb ayrı-seçkiliyinə qarşıdır və müqəddəs Qurani-Kərimdə də müsəlmanların vəhdətdə olmasının vacibliyi buyurulur.
Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bildirib ki, gəncləri dini radikal qrupların təsirindən uzaq tutmaq üçün onlara İslam dini düzgün şəkildə, olduğu kimi çatdırılmalıdır.
Boradigah qəsəbə Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbin direktoru Azər Mirzəyev belə tədbirlərin məktəblərdə keçirilməsinin şagirdlərin dini maarifləndirilməsi və onların dini radikal qrupların təsirindən qorunması baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.