Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.10.2019

Masallıda "Dini radikalizm və narkomaniya ilə mübarizədə təhsilin rolu" mövzusunda tədbir keçirilib

Oktyabrın 10-da Masallı şəhəri 3 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Polis Şöbəsi və Masallı Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizm və narkomaniya ilə mübarizədə təhsilin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov, Masallı şəhəri 3 saylı tam orta məktəbin direktoru Astan İbişov, valideynlər, müəllim və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə orta məktəbin direktor müavini Nailə Əsədullayeva açaraq bildirib ki, gəncləri dini radikal qrupların təsirindən uzaq tutmaq üçün onlara dolğun bilik vermək, həmçinin İslam dinini düzgün şəkildə, olduğu kimi çatdırmaq lazımdır. O, belə tədbirlərin təhsil ocaqlarında keçirilməsinin yeniyetmə və gənclərin dini maarifləndirilməsində və onların dini radikal qrupların təsirindən uzaq olmasında mühüm əhəmiyyət daşıdığını qeyd edib.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov tədbirin əhəmiyyətindən danışıb. Qeyd edib ki, İslam dünyasında son vaxtlar radikallıq meyillərinin artması İslamın özünə böyük bir zərbədir. Natiq, həmçinin dini radikalizmin İslam aləmində yaratdığı fəsadlardan bəhs edib.

Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov narkomaniyaya qarşı aparılan mübarizə metodları haqqında məlumat verib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.