Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.11.2016

Masallıda Beynəlxalq Tolerantlıq Günü qeyd edilib

Noyabrın 12-də Masallı şəhər Heydər Əliyev Mərkəzində Masallı Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Masallı RİH-in məsul işçiləri, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları, idarə və təşkilatların rəhbərləri, təhsil işçiləri, ağsaqqal və ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı bildirib ki, Beynəlxalq Tolerantlıq Günü 1995-ci ildə UNESCO-nun 50 illiyi münasibətilə təsis edilib. Sözçü Ulu Öndər Heydər Əliyevin Azərbaycanda tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışaraq, nəticədə ölkəmizin bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanındığına diqqət çəkib.
N.Muxtarlı onu da vurğulayıb ki, dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgə yaşayışında görən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tolerantlığın Azərbaycan xalqının ruhunda olduğunu bütün ölkələrə göstərir.
Lənkəran Dövlət Universitetinin baş müəllimi Müşviq Bayramov bildirib ki, Azərbaycanda Beynəlxalq Tolerantlıq Günü Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 1999-cu ildə qeyd edilib. Azərbaycan tarixən müxtəlif xalqların, millətlərin və din mənsublarının birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu müqəddəs məkan olub. O qeyd edib ki, tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var.
Tədbirdə QMİ-nin cənub bölgəsi üzrə qazısı Mirqiyas Təhməzov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov və başqaları çıxış edərək Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin və ayrı-ayrı dinlərə mənsub insanların bir ailə kimi yaşadığını, dini və milli tolerantlığın yüksək səviyyədə olduğunu qeyd ediblər.