26.12.2017
Masallıda “Azərbaycanda multikultural dəyərlər və tolerantlıq ənənələri” mövzusunda tədbir keçirilib
Dekabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Masallı rayonu Boradigah qəsəbəsi “Həzrəti Əli” məscidi dini icması tərəfindən İnqilab Nağıyev adına Boradigah qəsəbə 2 saylı tam orta məktəbində “Azərbaycanda İslam Həmrəyliyi: dünən və bu gün” adlı layihə çərçivəsində “Azərbaycanda multikultural dəyərlər və tolerantlıq ənənələri” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Şəhriyar İsmiyev, İnqilab Nağıyev adına Boradigah qəsəbə 2 saylı tam orta məktəbinin direktor müavini Nəcməddin Quliyev, “Həzrəti Əli” məscidi dini icmasınin sədri Zakir Abdullayev, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktor müavini Nəcməddin Quliyev qeyd edib ki, Azərbaycanda multikulturalizm, tolerantlıq siyasəti ölkəmizin qədim dövlətçilik tarixinə və Azərbaycançılıq ideologiyasına əsaslanır.
DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Şəhriyar İsmiyev bildirib ki, dini tolerantlığın insanların həyat təzinə çevrildiyi Azərbaycanda üç səmavi dinin (Yəhudilik, Xristianlıq və İslam), eyni zamanda müxtəlif inancların qarşılıqlı hörmət şəraitində yaşaması tarixi ənənələrin və məqsədyönlü dövlət siyasətinin göstəricisidir.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov bildirib ki, qürurvericidir ki, çoxkonfessiyalılığın və çoxmədəniyyətliliyin dəyər sisteminə çevrildiyi və böyük əksəriyyətini müsəlmanların təşkil etdiyi Azərbaycanda tarixi alban kilsələri ilə yanaşı pravoslav və katoliklərin 12 kilsəsi, yəhudilərin isə 6 sinaqoqu var. Bu da Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin bərabər yaşaması üçün əlverişli şəraitin olduğunu göstərir.
Daha sonra dini icma sədri Zakir Abdullayev və başqalarının mövzu ilə bağlı çıxışları dinlənilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.