30.03.2017
Masallıda 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib
Martın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon filialı və Masallı rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Masallı rayonu Bambaşı kənd tam orta məktəbində 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.
Məktəbin direktoru Azad Vəliyev qeyd edib ki, martın 31-i Azərbaycan tarixində unudulmaz bir gündür. Həmin gün fəlakət və qüssənin əzəməti ilə yaddaşlara hopub.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov “Mart soyqırımı və mart hadisələri” adlı məruzəsində vurğulayıb ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul və digər ərazilərdə Bakı Soveti və erməni daşnaklarının silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğında on iki minə yaxın soydaşımız qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Daha sonra natiq bildirib ki, Ulu Öndərimiz Heydər Əliyev 26 mart 1998-ci ildə 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalayıb.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon filialının sədri Nahid Rəhimov, Masallı Rayon Təhsil şöbəsinin əməkdaşı Əyyar Burhanov, Cavanşir Qasımov adına Bambaşı kənd tam orta məktəbinin müəllimi Tərbiyyə Məlikova və başqaları çıxışlarında erməni separatçılarının törətdikləri vəhşiliklərdən danışıblar.
Tədbirdə məktəbin şagirdləri Vətənə, soyqırımı qurbanlarına həsr olunmuş şeirlər səsləndiriblər.
.png)