Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
02.03.2017

Masallı rayonunda “Gənclərin zərərli vərdişlərdən və radikal təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib

Martın 2-də Masallı şəhər “Dəfinə” məktəb-liseyində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Polis şöbəsi və Masallı Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Gənclərin zərərli vərdişlərdən və radikal təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib.
Maarifləndirmə məqsədi daşıyan tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Polis şöbəsi və Masallı Rayon Təhsil şöbəsinin rəhbərliyi, “Dəfinə” məktəb-liseyinin müəllim və şagirdləri, həmçinin KİV nümayəndələri iştirak ediblər.
Tədbiri Masallı şəhər “Dəfinə” məktəb-liseyinin direktoru Taleh Əkbərov açaraq  cəmiyyətdə zərərli vərdişlərin və radikalizmin törətdiyi fəsadlardan danışıb.
Masallı RPŞ-nin rəisi, polis polkovniki Habil Əmiraslanov isə öz çıxışında  qeyd edib ki, narkomaniya və digər zərərli vərdişlər insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradır və cinayətkarlığın artmasına səbəb olur.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov radikalizmin törətdiyi fəsadların qarşısının alınması və bu sahədə aparılan genişmiqyaslı tədbirlərdən söhbət açıb. Bu cür bəlalarla mübarizədə ictimai qınağın önəmini diqqətə çatdıran natiq, həmçinin erkən nikahların qaşısının alınmasında ailənin və təhsil müəssisələrinin üzərinə daha çox məsuliyyətin düşdüyünü qeyd edib.
Masallı Rayon Təhsil şöbəsinin müdiri Tariyel Əkbərov, “Dəfinə” məktəb-liseyinin müəllimləri Əhməd Məmmədov, Rasif Cabbarov və başqaları çıxışlarında zərərli vərdişlərlə və radikalizmlə mübarizədə gənclər arasında maarifləndirmə işinin aparılması və bu sahədə kitabxanalar, idman təşkilatları, eləcə də ictimaiyyətin rolunun əhəmiyyətindən danışıblar.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb və mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.